F5
Aprel 19, 2009 15:57Həsənəlizadə Ramin
Bu arada yolüstü Moskvadaydım, orda hava limanında reysimi gözləyərkən vaxt öldürmək üçün «stoyka»lardan pulsuz paylanan qəzet və dərgilər götürüb oxuyurdum. Onların içində diqqətimi daha çox «F5» adlı bir qəzet çəkdi. Qəzet mənə çox maraqlı, yeni və qeyri-adi gəldi, haqqında qısaca desək — «kağızda internet» — demək olar. Evə çatanda qəzetin saytına girdim ki, haqqında daha ətraflı məlumat əldə edim. Demə qəzet təzəlikcə fəaliyyətə başlayıb və cəmi bir neçə nömrəsi həyat üzü görüb. Çox sevindim ki, bütün buraxılışlarını PDF formatında saytdan yükləyib oxumaq olar.
Əvvəl istədim ki, qəzet haqqında öz sözlərimlə qısaca məlumat verim və hətta yazdım da. Lakin sonra qəzetin birinci buraxılışını yükləyib oxuyanda baş redaktorun ön sözünü oxudum və qərara gəldim ki, yaxşısı onu tərcümə etməkdir, çünki mənim demək istədiklərimi o daha yaxşı deyib:
«Bəri başdan etiraf edim: mən internetin çox fəal istifadəçisi deyiləm. Yox, təbii ki, axtarış vasitəsiylə mənə lazım olan hər şeyi tapa bilirəm, elektron poçt və Skype-dan istifadə edirəm, vaxtaşırı online-qəzetlər oxuyuram, peşəkarlıq baxımından faydalı olan saytları ziyarət edirəm və hətta, internet vasitəsiyilə mehmanxana sifariş edir və bilet alıram. Lakin, mənim «Odnoklassniki»də hesabım yoxdur, mən bloq yazmıram (və başqalarını da nadir hallarda oxuyuram — məsələn, kimsə maraqlı bir yazıya keçid göndərsə), internetin digər çoxsaylı imkanlarından isə, heç danışmıram da. Bütün bunları bacaran və sevən F5 redaksiyası, mənə gülür, əlində kompüter «siçan»ı ilə dünyaya gələn direktorumuz Jenya Volkov isə, məni «lox» hesab edir. Halbuki mənim kimilər çoxdur, daha doğru desək — çoxluqdur. Öz passivliyimizi biz çox asan əsaslandırırıq: İnternetdə çoxlu zibil var və içində həqiqətən maraqlı və eyni zamanda şit olmayan nəsə tapmaq üçün xeyli vaxt sərf etmək lazımdır, o da ki yoxdur. Bununla belə, biz etiraf edirik ki, internetdə həyat qaynayır, burda maraqlı insanlar, səmimi emosiyalar, çoxlu yaradıcılıq və canlı ünsiyyət var. İndidən belə bizim hamımız üşün yaşamaq daha asan olacaq: F5-in sayəsində biz hər həftə internetdə baş verən ən maraqlı hadisələr haqqında öyrənə biləcəyik. Bloqlardan ən yaxşı yazılar, təzə şayiələr, qalmaqallar, istedadlı foto-şəkillər, video-çarxlar, ədəbi əsərlər, faydalı xidmətlər və təbii ki, Şəbəkə dünyasının baş qəhrəmanları — bütün bunlar F5-də olacaq. Bir şeyi də qeyd etmək vacibdir: F5 — internet haqqında qəzet deyil, bu, Şəbəkə sakinlərinin gözləriylə həyat haqqında olan nəşrdir. İnternet bu həyatı çoxdan dəyişib, buna görə də öz baxışına haqqı var. Məhz buna görə, məsələn, bloqlar F5 üçün daha əhəmiyyətli xəbər mənbələridir, nəinki informasiya agentlikləri. Əsl qəzet, hansı ki müəllifləri milyonlarla bloqçulardır, — hə, necədir sizin üçün? F5-in bu buraxılışı sıfır nömrəlidir, yoxlamadır. Növbəti — birinci — fevralın 23-də çıxacaq. Sonra isə hər həftə. Go!»
Yuri Katsman, baş redaktor
Özümdən əlavə edə bilərəm ki, bu cür layihənin fikrimcə yeri var. Lakin, Azərbaycanda yaxın vaxtlarda belə bir qəzetin çıxmasına inanmıram, çünki internetin Azərbaycan dilli seqmentində gur həyat, qaynayan-qarışan proseslər müşahidə olunmur, əksinə məlumat azlığı hiss olunur. Buna görə müntəzəm olaraq həftədə və ya heç olmazsa ayda bir dəfə, bir qəzetlik yeni, maraqlı material toplamaq çətin məsələdir.
213 dəfə oxunub
bölmə: İnternet, Tərcümələr, Müxtəlif







