Reklam verin!

Axtarış

Bölmələr

Peyk TV antennaların satışı və quraşdırılması

Abunə ol!

Sayqaç

  • İndi blogda: 9
  • Keçən ayın hiti: 11796
  • Dünənki hit: 678
  • Bugünki hit: 328
  • Ümumi hit: 60946

Azəri Blog Birliyi

Xarıbülbül haqqında

Noyabr 12, 2008 22:12
Həsənəlizadə Ramin

 

Xarıbülbül

 

Xarıbülbül. Bu çiçək haqqında yəqin ki hamımız eşitmişik və bu təbiidir, çünki, bu gözəl çiçək Vətənimiz Azərbaycanın, Qarabağın, Şuşanın diri rəmzidir. Bəli, hamımız eşitmişik, lakin adından başqa, bu gül haqqında nə bilirik? Deyilənə görə bu gül yalnız Şuşada bitir. Lakin, mən onun Laçında, Gədəbəydə, Xızı dağlarında da bitdiyini eşitmişəm, Şamaxı rayonunun Pirqulu qəsəbəsində isə onu öz gözümlə görmüşəm. Onda Xarıbülbülü ilk dəfə idi ki görürdüm. O zaman mənə bu gül haqqında gözəl bir əfsanə danışdılar:

 

“Biri varmış biri yoxmuş, bir dənə bülbül varmış. Bu bülbül bir gülə aşiq olubmuş. O gülü sevir, onun başına dolanır, onun üçün cəh-cəh vurur və onu qoruyurmuş. Günlərin bir günündə bir arı gülü görür və onun şirəsini dadmaq istəyir. Həmən an bülbül arının gülə doğru uçmağını görüb, sinəsini qabağa verib, tez arının qarşısını kəsir. Onlar havada toqquşurlar və arı bülbülü sancır. Lakin bülbül ölmür, onun sevgisi və cəsarəti onu, sancdığı arıyla birlikdə başqa bir gülə – Xarıbülbülə döndərir”.

 

Başqa bir əfsanə də var ki, Qarabağ xanı öz qızını İran şahına ərə veribmiş. Xan qızı İranda darıxır, sıxılır və şah onun ürəyini açmaq üçün sarayda “Vətən bağının” salınmasını əmr edir. Bağ salınır və Qarabağda bitən bütün güllər, bitkilər gətizdirilib, bu bağda əkilir. Bu bitkilərin hamısı kök vurub, gül açır, bircə Xarıbülbül yad torpaqda bitmir, solur.

 

Bu, həqiqətən də gözəl bir gülü görüb və onun haqqında belə maraqlı əfsanələr eşidəndə mən onunla maraqlanmağa və ordan-burdan, qırıq-qırıq məlumat yığmağa başladım. Öyrəndiklərimi hamıyla bölüşmək istəyirəm.

 

Xarıbülbül

 

Xarıbülbülün digər adı da var – Qafqaz Qaş Səhləbi. O, toxumla çoxalan çoxillik bitkidir. Xarıbülbül Orxideyalar (Orchidaceae lat.) fəsiləsinə, Ofris (Ophrys lat.) cinsinə aiddir. Ofris cinsinin 50-dən çox növü var və bunların bir çoxu Azərbaycanın müxtəlif bölgələrində və ümumiyyətlə Qafqaz və Zaqafqaziya ərazisində mövcuddur. Digərləri isə Türkiyə, Yunanıstan, Krım və başqa yerlərdə bitir. Xarıbülbül adlandırdığımız bitki latınca – Ophrys Caucasica və ya Ophrys Mammosa adlanır, lakin mən təxmin edirəm ki, Ofris cinsinə aid olan və Azərbaycanda bitən bütün növlərə el arasında Xarıbülbül deyilir. Ophrys – yunan mənşəli sözdür, mənası “qaş” deməkdir. Alimlər bu adı bitkiyə verməklə məcazi mənada bu gülün digərlərinə üstdən aşağı “baxmağını” eyham ediblər. Ofrislər bir çox orxideyalar kimi, kök toxumasında müştərək surətdə yaşayan və bitkiyə lüzum olan simbiotik göbələklərdən asılıdır. Məhz bu səbəbdən bu bitkiləri başqa yerdə əkmək olmur – onlar məhv olur. Ofrislərin tozlanması zarqanadlı (eşşəkarısı və başqaları) həşəratların köməyi ilə baş verir və onların çiçəkləri həmən həşəratların formasını və görünüşünü təkrarlayaraq, həşəratları özünə cəlb edir. Ofrislərin çiçəkləri şirə ixrac eləmir, ətri isə demək olar ki yoxdur. Lakin, bəzi növlərinin gülləri, müəyyən növ həşəratların dişi fərdlərinə xas olan və erkək fərdlərini cəlb edən feromonun iyinə oxşar ətir qoxuya bilər. Təbii ki, həşəratları Ofrislərin xüsusi görünüşü ilə bərabər bu qoxu da cəlb edir. Bu görünüşə və bəzən də qoxuya, maraq göstərən həşərat, bir güldən digərinə uçur və beləliklə, tozlanma prosesi baş verir. Göbələklərdən və müəyyən növ həşəratlardan asılı olması Ofrisləri ətraf mühitin dəyişilməsinə çox həssas edir. Buna görə də bu bitkilər nadir bitkilər hesab olunurlar. Onlar dövlət tərəfindən qorunurlar. Xarıbülbül (Ophrys Caucasica) və Ofrislərin bir çox başqa növləri isə hətta Qırmızı kitabda qeydə alınıblar.

 

Xarıbülbül

 

Bəli, Xarıbülbül yox olma təhlükəsi altındadır. Hörmətli oxucular, buna görə də, əgər bu gözəl gülü, hardasa görsəniz, xahiş edirəm onu dərməyin. Yaxınlarınıza aparıb göstərmək istəsəniz isə, yaxşısı – onun şəklini çəkib aparın ki, bu gözəl güllər itməsin, daima bizim gözümüzü oxşasın və bizdən sonrakı nəsillər də onları canlı görə bilsin. Bir də ki, dostlar, əgər sizin də Xarıbülbül haqqında hər hansı bir məlumatınız varsa xahiş edirəm şərh vasitəsiylə siz də biliklərinizi hamımızla paylaşasınız.

 

Şəkillərin mənbəyi: commons.wikimedia.org


Yazını "XəbərNamə"yə göndər! Şərhlər(13)
116 dəfə oxunub
bölmə: Müxtəlif
açar sözlər: azərbaycan xarıbülbül gül çiçək ophrys 

Vahid Qasımov: İnternet – müasir cəmiyyətin ən gözəl modelidir

Noyabr 2, 2008 19:05
Həsənəlizadə Ramin

 

Hörmətli oxucular, bloqumun «Müsahibələr» bölməsinin bugünkü qonağı İnternet üzrə təcrübəli mütəxəssis, Kataloq.NET layihəsinin yaradıcısı və «Sahil-İT» MMC şirkətinin rəhbəri Vahid Qasımovdur.

 

  Salam Vahid bəy, bloquma xoş gəlmisiniz! İlk növbədə bloquma qonaq olub, mənimlə söhbət etməyə razılaşdığınız üçün sizə təşəkkür edirəm! Vahid bəy, zəhmət olmasa oxucularıma işiniz, şirkətiniz haqqında bir az məlumat verin.

  Salamlar! İlk öncə şəxsimə qarşı maraq göstərdiyiniz üçün sizə dərin təşəkkürlərimi bildirirəm. Çalışacağam ki, etibarınızı doğruldum.

İşimiz İnternetdir. Özüm artıq 10 ilə yaxındır ki, İnternet texnologiyalarla məşğul oluram, eləcə də «Sahil-İT» şirkəti milli İnternetə töhfələri ilə 5-ci ilini tamamlayır.

 

  Kataloq.NET layihəniz 2007-ci ildə Azərbaycanın Milli İnternet Mükafatı olan «NETTY» mükafatını qazandı. Bu sizə nə verdi? Yəni, layihə üçün bunun müsbət və ya mənfi təsiri oldumu?

  Layihənin servis saytlar kateqoriyasında Netty-2007 mükafatçısı olmasının təbii ki, layihənin tanınması nöqteyi-nəzərdən olduqca əhəmiyyətli rolu olub. Eyni zamanda bu fakt bizi məcbur edir ki, Kataloq.NET-ə daha da ciddi yanaşaq və davamlı olaraq inkişaf etdirək.

 

  Kataloq.NET-in «Haqqımızda» bölməsində qeyd olunub ki, layihənin irəli gedən inkişaf planları nəzərdə tutulub. Eyni zamanda qeyd olunub ki, Google, Yahoo, Yandex kimi axtarış saytları ilə rəqabət aparmaq niyyətiniz yoxdur. Bununla bağlı bilmək istərdim – layihənizin inkişafı hansı istiqamətdə gedəcək? Gələcəkdə siz onu necə görürsünüz?

  Birinci növbədə məqsədimiz Azərbaycan dilində məlumat mənbəyi ola bilən bir resurs hazırlamaq və həmin resurs içərisində rahat axtarış sistemini qurmaqdır. Müəyyən dərəcədə, qoyulan hədəfə yaxınlaşdıq. Ancaq istər içindəki məlumatların sayı baxımından, istərsə də əhatə etdiyimiz sahələr baxımından Kataloq.NET-in indiki səviyyəsi bizi qane etmir. Ona görə də üzərində işləməyə davam edirik. İçindəki məlumatları genişlədərək, yeni bölmələrin ortaya çıxması üçün işlər aparırıq. Qabaqcadan planlarımız barədə danışmaq istəmirəm, söz verirəm ki, çox yaxında özünüz görə biləcəksiniz.

 

  Vahid bəy, hər halda, fikrimcə, inkişaf çox ləng gedir. Sizcə fikrim doğrudurmu? Doğrudursa bu zəiflik nə ilə bağlıdır? Vaxt məhdudluğu, maddi problemlər, yoxsa, bu layihəyə artıq marağınız sönüb?

  Tamamilə haqlısınız. Layihəyə başladığımız vaxtı, bütün imkan və resurslarımızı səfərbər edərək, ayda bir bölməni hazırlayıb yayımlayırdıq. Beləcə 2006-cı ilin sentyabrında saytlar kataloqu, oktyabrda şəxslər kataloqu, noyabrda qurumlar kataloqu və dekabrda da Bakının elektron xəritəsi tamamlanmış oldu. Bununla biz əslində gözəl templə işləyə bildiyimizi sübut etmiş olduq. Ancaq şirkətin 4 aylıq layihə üzərində intensiv işi nəticəsində daxili resurslarımız tamamilə tükənmiş oldu. Bir də ola bilsin ki, əsas məqsədimiz olan elektron xəritənin yaradılması problemini həll etməklə müəyyən bir mənəvi rahatlığı və özündən razılığı təsiri altında layihə üzərində işimizi bir qədər yavaşlatdıq. Fəqət yenə də, fikir vermisinizsə, bayramlarda Kataloq-da elektron açıqçalar bölməsi, orucluq ayı boyunca xüsusi Ramazan buraxılışı aktiv olur. Hətta artıq hazır olan, fəqət yayıma açmadığımız bölmələr də mövcuddur ki, onlarla yaxında tanış ola biləcəksiniz. Maraq sönməyib, tam əksinə, yeni bir-birindən maraqlı planlarımız var. Hər şeyin vaxtı vardır, inanıram ki, vaxtı gələndə, bu planlarımızı da gerçəkləşdirmək üçün vaxt və imkan tapılacaqdır.

 

  Kataloq.NET-dən başqa sizin hansı layihələriniz var və sirr deyilsə yaxın gələcəkdə hansılarını həyata keçirməyi planlaşdırırsınız?

  İnşallah, əsas olaraq vaxt və insan resursu tapılsa, İnternet auditoriyamızın kənarda qalan bir qismi üçün xüsusi bir resurs hazırlamaq planlarımız vardır. İnanıram ki, onu da yaxın bir il ərzində hazır edib istifadəçilərimizə ərməğan etməyə imkanımız olacaqdır. Sirlərimi axıra kimi açmayıb, sizi maraq içində qoyduğum üçün üzr istəyirəm, ancaq həqiqətən də, işi görməmişdən əvvəl onun barədə danışıb, vaxtından qabaq reklam etməyi xoşlamıram.

 

  Vahid bəy, icazənizlə, ümumilikdə İnternet və o cümlədən də, AzNET haqqında danışaq. Buna görə də, gəlin, ilk öncə AzNET terminini müəyyənləşdirək. Məsələn, mən AzNET dedikdə Azərbaycan dilində olan saytları nəzərdə tuturam. Bəs siz AzNET anlayışını necə başa düşürsünüz?

  Azərbaycanla hər hansı bir aidiyyatı olan resurslar bizə görə AzNET-ə daxildir. Azərbaycan dilində saytlar, Azərbaycan vətəndaşı olan və özünü azərbaycanlı hesab edən şəxslərin yaratdığı saytlar, Azərbaycana həsr olunan saytlar və Azərbaycanda yerləşən müəssisələrin saytları dilindən asılı olmayaraq fikrimizcə AzNET-ə daxil edilə bilər. Ayrıca saytlar kateqoriyasına daxil edilməyən çat serverləri, kanal və otaqları, wap-resurslar və İnternet vasitəsi ilə yayımlanan digər informasiya vasitələrinin hamısı AzNET-i təşkil edir.

 

  Hazırda hesab olunur ki, müasir İnternet Web 2.0 standartlarına uyğundur. Eyni zamanda Web 2.0 termininə heç kim dəqiq tərif verə bilmir. Web 2.0 anlayışını siz necə başa düşürsünüz?

  Yaxşı sualdır. Vaxtı ilə İnternet, hamıya açıq olmaqla, informasiya dünyasında bir çevriliş etmişdir. Web 1 məlumatı təqdim etmə dövrü idi. Web 2 artıq məlumatı bölüşmə dövrünü təmsil edir. Yəni, sayta daxil olmaqla biz ancaq məlumatdan istifadə etmək əvəzinə həmin saytın inkişafı üçün öz tövhəmizi də qoya bilərik. Web 2 – ümummilli bölüşmə dövrüdür. Növbəti çevrilişdir.

 

  Sizcə AzNET artıq Web 2-dədir yoxsa hələ də Web 1-də qalıb?

  Heyf ki, milli İnterneti mən hələ də Web 1-də görürəm. İnternet istifadəçilərimiz hələ təzə-təzə original kontenti istehsalı prosesinə başlayıblar. İnformasiya saytları özləri xəbər istehsal etməyə başlayıb, bloqlar yaranmağa, bloq sahibləri plagiat yazıları əvəzinə özləri yazı yazmağa başlayıb. Ancaq məlumat bölüşmək, başqasının saytını zənginləşdirmək məntiqi hələ də beyinlərdə oturmayıb, hətta əslində elə bir məkan da yoxdur. Beləliklə, biz bir neçə il gecikmə ilə normal təkamül yolu ilə irəliləyirik. Ümidvaram ki, Web 3 dövrü başlamadan, Azərbaycan İnterneti Web 2 fazasına çatacaqdır.

 

  Web 2.0 anlayışı müəyyən olunmamış, artıq Web 3.0 və hətta Web 4.0-dan da söhbət açılır. Bəs siz ümumilikdə İnternetin və o cümlədən də AzNET-in gələcəyini necə görürsünüz? Yəni, sizcə İnternetin inkişafı hansı istiqamətdə gedəcək və bu yolda hansı təmayüllər üstünlük təşkil edəcəkdir?

  Belə görünür ki, İnternet – müasir cəmiyyətin ən gözəl modelidir. Hər şey açıq, hər şey mümkün, hər şey asan və hər kəs özünü özü idarə etməyə malikdir və o gücə sahibdir. Hamının eyni mühiti paylaşaraq öz yolu ilə getməsi və bir-birinə ziyan vermədən, sıxışdırmadan, müxtəlif əməkdaşlıqlar atmosferi hakimdir. Real insan cəmiyyətində belə bir mühit barəsində ancaq xəyal etmək olar. İnternet gözəldir. Hal-hazırda ancaq bir problem var – məlumatların dublikasiyası (təkrarlanması, kopyalanması). Bu problem də həll olunsa, İnternet tam kamil səviyyəyə çatacaqdır.

 

  Hazırkı AzNET-ə qayıdaq. İnternetimizə nəzər yetirdikdə, şəxsən məndə, belə bir təəssürat yaranır ki, bizdə İnternetdən əsasən, yeniyetmələr istifadə edirlər və əksər hallarda bir oyuncaq kimi. Halbuki, bütün dünyada iş adamları İnternet məkanında artıq biznes qurur və bu sahəyə çox ciddi yanaşırlar. AzNET-də isə nə biznes quran var, nə də investorların bu sahəyə marağı. Sizcə bunun səbəbi nədir?

  Əfsuslar olsun ki, haqlısınız. Statistikalar göstərir ki, bizdə İnternetdən istifadə edənlərin yaş ortalaması 21-22-dir. Bu göstəricinin gözəl tərəfi vardır. İndinin uşaqları kiçik yaşdan İnternetə yiyələnirlərsə, böyüyəndə oyuncaqlardan ciddi işlərə keçəcəklər. O ki qaldı iş adamlarının və investorların bu sahəyə maraqlarının zəif olmağına, bu həm həmin iş adamlarının texnologiyalardan uzaq qaldıqlarından, həm də ki yeni dövlət kimi yaranan Azərbaycanın yeni yaranan iqtisadiyyatının daha stabil vəziyyətə gəlməməsindən irəli gəlir. İnanıram ki, burada da vaxt hər şeyi yerbəyer edəcəkdir.

 

  Son vaxtlar AzNET-də kütləvi miqdarda bloqlar açılıb, buna necə baxırsınız? Ümumiyyətlə, bloq oxuyursunuzmu? Oxuyursunuzsa, hansı bloqları və onlarda sizi maraqlandıran nədir?

  Bloqların kütləviləşmə prosesini mən hələ ki müşahidə edə bilmirəm. Bəli, qabaqlar heç yox ikən, indi yavaş-yavaş bloqlar yaranmağa başlayıb. Ancaq lazımi səviyyədə deyil. Yazarlar çox təcrübəsizdirlər. Arada maraqlı bloqlara rast gəlirəm, ancaq davamlı olaraq təkib etdiyim yeganə bloq, V. Sapunovun livejournal-dakı bloqudur. Səbəbini dəqiq deyə bilmərəm. Ancaq mənə elə gəlir ki, bu mənim gözəl, maraqlı, hərtərəfli, yeni, original, məna və fikir dolu, üsul olaraq yüngül və qrammatik olaraq düzgün dildə yazılmış yazıları oxumaq istəyimdən irəli gəlir.

 

  Vahid bəy, vaxt ayırıb suallarımı cavablandırdığınız üçün sizə təşəkkür edirəm. Sizə uğurlar!

  Təşəkkür edirəm. Sizə, bloqunuza və bloqunuzu ziyarət edib oxuyan həmvətəndaşlarımıza müvəffəqiyyətlər arzulayıram.

 

  Çox sağ olun!


Yazını "XəbərNamə"yə göndər! Şərhlər(8)
117 dəfə oxunub
bölmə: İnternet, Müsahibələr
açar sözlər: aznet internet kataloq.net azərbaycan web2.0 

Türkiyədə «Blogger» blog sistemi bağlandı

Oktyabr 26, 2008 17:09
Həsənəlizadə Ramin

 

Bir neçə gündür müxtəlif bloqlarda oxuyuram ki, Google-a məxsus olan və dünyada ən məşhur blog xidmətlərindən biri olan Blogger-ə Türkiyədə qadağa qoyulub. Blogger.com və Blogspot.com domenlərində fəaliyyət göstərən bu servisin, Türkiyədə olan istifadəçiləri hazırda bu sayta keçə bilmirlər. Bu xəbəri ilk dəfə Nuruzerinde.azeriblog.com bloqunda oxumuşdum, sonra isə müxtəlif türk və rus dilli saytlarda da bu xəbərə rast gəldim: Shiftdelet.net, Webrazzi.com, Haberaktuel.com, Cybersecurity.ru, Day.az və bir çox başqalarında. Verilən məlumatlara görə Türkiyənin Diyarbakır şəhərinin sülh-cəza məhkəməsinin qərarı ilə Türkiyənin internet istifadəçiləri üçün bu sistemə giriş bağlanılıb. Bəzi məlumat agentlikləri bunu Blogger-də fəal iştirak edən müxalifətçilərlə əlaqələndirir. Hansısa bloqun bağlanmasını görmüşdüm, amma, hansısa bloqlara görə bütövlüklə sistemin bağlanmasını hələ görməmişdim. Yox düzü görmüşdüm, xatırladım ki, yaxınlarda Türkiyədə Youtube xidməti də bağlanılmışdır. Hər halda dövlət tərəfindən maraqlı yanaşmadır ­– doğrudan e, bir-bir müxalifətçilərin bloqlarını axtarıb tapıb, bağlamaqdansa birbaşa bloq xidmətini bağla getsin. Buna baxmayaraq bloq xidmətini göstərən bir çox digər saytlar Türkiyədə hələ bağlanılmayıb və Blogger-in bağlanması digər bloq sistemlərinə (Wordpress, Blogcu, Türkblog və başqaları) Türkiyədən çoxlu yeni istifadəçilərinin gəlməsinə səbəb ola bilər.


Yazını "XəbərNamə"yə göndər! Şərhlər(24)
202 dəfə oxunub
bölmə: İnternet
açar sözlər: türkiyə blog bloq internet 

Xatirələr

Oktyabr 25, 2008 22:18
Həsənəlizadə Ramin

  

Bu hekayə 1930-cu illərdə repressiya dövrünün qurbanlarına və onların ailə üzvlərinə həsr olunub.

 

   

   Ata, hinin yanından keçəndə qapısını açarsan da!

Bu atama dediyim axırıncı sözlər oldu... Atam mənə baxdı, gülümsədi və əlini başıma çəkib «yaxşı» dedi. Səhərlər hinin qapısını növbəylə qardaşım Hüseyinlə mən açırdıq. O gün növbə mənim idi. Hava soyuq, hin isə evdən xeyli aralıda idi, buna görə fikirləşdim ki, atam onsuz da ordan keçəcək də – açsın. Onda nə biləydim ki, bir daha atamı görməyəcəyəm, nə biləydim ki, onu hara aparırlar. 1937-ci ilin payız ayları idi, mənim 7 yaşım təzə olmuşdu.

 

Biz dörd qardaş idik. Əli, mən, Hüseyin və bələkdəki Abbas. Kəndimizdə atam ən varlı, savadlı və hörmətli adamlardan biri idi. Boylu-buxunlu, qara saqqallı, əynində həmişə səliqəli geyimi, altında köhlən atı... Ümumiyyətlə, özünə baxan və eyni zamanda çox işgüzar, zehinli və fəal bir adam idi. Onun təşəbbüsü ilə, kəndə su kanalı çəkdirilmişdi, məktəb tikilmişdi və bir çox başqa işlər görülmüşdü. Tərifləmək olmasın, varlılığı ilə yanaşı həm də xeyirxah adam idi. 30-cu illərdə aclıq vaxtı atam kəndin camaatını çağırıb, anbarın ağzını açıb, unu, taxılı onlara paylamışdı. Atamız tutulana kimi biz darlıq görməmişdik. Varımız-dövlətimiz çox idi − minlərlə baş mal-qara, qoyun sürümüz, at ilxımız... Sürülərimiz yaylağa Göycə gölünə gedirdi, sürü yaylağa gedəndə ucu-bucağı olmurdu. İki dəyirmanımız, bir neçə böyük sahə əkin-torpağımız böyük evimiz var idi. Sovet höküməti yarananda atamı «qol-çomaq» adlandırıb, başladılar sıxışdırmağa, sonra isə, torpaqdan tutmuş toyuq-cücəyə kimi hər şeymizi əlimizdən aldılar, hətta evimizi belə aldılar. O evi sonra kənd soveti, kitabxana və tibb məntəqəsi etdilər, bizi isə qovdular kənddən. Onda atam bizi götürüb, qonşu kəndə, dayımgilə apardı, özü isə orda-burda qalırdı, qaçaq həyatı sürürdü, lakin, arada gəlib bizə də baş çəkirdi. Elə bizə baş çəkdiyi günün birində onu güdüb dalınca gəldilər. Səhər o başdan qapı döyüldü. Qapını qardaşım Hüseyin açdı. Qapıda duran üç nəfərdən biri soruşdu:

   Atan evdədir?

   Hə.

   Tez çağır görüm!

Atam onsuz da özü çıxdı qapıya. Salamlaşdılar. Biz uşaqlar da çıxıb gələnlərə baxırdıq, daha doğrusu bellərində olan tapançalara. Üç nəfərin içində, bayaq qardaşımdan atamı soruşan ucaboy, bığlı kişi deyəsən başçı idi. O atamı yaxşı tanıyırdı, çünki, vaxtıyla nökəri olmuşdu. Atam ondan məsələnin nə olduğunu soruşanda, o dedi:

   Hacı, bizimlə getməlisən. Heç nəyə görə narahat olma, bircə özünlə bir dəst alt paltar götür.

Atam keçdi evə və beş dəqiqə keçməmiş çıxıb, dedi:

   Getdik!

Onda mən o sözləri demişdim. Ondan sonra biz bir daha atamızı görmədik. O vaxt biz bilmirdik ki, onu hara apardılar, necə oldu... Çox şey xeyli sonra məlum oldu.

 

Atam tutulduqdan sonra biz və dayım öz ailəsiylə köçdük Sabirabada. Orda bir balaca sahə götürüb başladıq ev tikməyə və həyatımızı yenidən qurmağa. Çətin olsa da, Allah üstümüzdə idi, yavaş-yavaş hər şey düzəlirdi, biz məktəbə gedirdik, dərslərdən sonra isə böyüklərə kömək edirdik. Sonra isə müharibə başladı, aclıq oldu. 1943-də Əli əsgər getdi. Biz isə bir təhər dolanmaq üçün Hüseyinlə ikimiz bazarda qəzet satırdıq. Gündə 10 qəpik qazanmaqdan ötəri səhərdən axşama kimi bazarda, lil-palçığın içində, ayaqyalın «qəzet, təzə qəzet» deyə çığırırdıq, o vaxtdan bəri alverə nifrət edirəm.

 

Müharibədən xeyli sonra xəbər tutduq ki, atamızı hələ 1938-də güllələyiblər, yazda. O vaxtlar üç nəfər NKVD işçilərindən ibarət olan və «Üçlük» deyilən məhkəmələr var imiş, onda o qədər adam tutulmuşdu ki, tutulanlar aylarla həbsxanada məhkəməni gözləyərlərmiş, növbələri gəlib çatanda isə iki-üç nəfər üzə duran «şahid» çağırılar və iki dəqiqənin içində «xalq düşmənidir – güllələnsin!» deyə bir qərar çıxarılarmış. Sonradan bildik ki, atamın üzünə duranlardan biri onun keçmiş nökəri Məmiş kişi idi. Məmiş kişi sarıyanız, quru bir kişi idi. Yaşlı olmasına baxmayaraq çox diribaş, gümrah kişi idi və həmişə hər şeydən xəbəri olardı. Onun mavi gözləri balıq gözünə oxşayırdı və o, adama baxanda sanki onu hipnoz edirdi. Sovet höküməti qurulanda o partiyaya keçib və savadsız olsa da tezliklə kənd sovetinin başçısı olmuşdu. Biz hələ kənddə öz evimizdəykən o öz dostları ilə gəlib bizim həyətdəki talvarda yeyib içərdi. Talvar, iki mərtəbəli ev hündürlüyündə və üstü örtülü idi, buna görə də orda həmişə sərin olardı, kənddə belə talvar başqa heç kimdə olmadığına görə bizə gəlirdilər. Günlərin bir günündə, yenə gəlmişdilər həyətimizə və talvara çıxdılar. Çay istədilər. Anam samovarı təzə qoymuşdu buna görə çay bir az gec hazır oldu. Atam evdə yoxdur deyə Məmiş kişi dostlarının qabağında xoruzlanırdı və bir az keçdikdən sonra çayın gec hazır olduğuna görə qışqırıb narazılığını bildirdi:

   Çay nə oldu!?

Onda qardaşım Əli ona cavab qaytardı:

   Nə qışqırırsan, indi hazır olacaq!

Çay hazır olanda Əli samovarı götürüb talvara apardı. Piləkənlə talvara çıxanda, Məmiş kişi qalxıb təpiklə samovara vurdu və qardaşım samovar qarşıq yuxardan aşağa yıxıldı. Əlləri yandı-elədi özü isə xeyli əzilmişdi. Anam onda ağlaya-ağlaya Məmiş kişiyə qarğış elədi: – «Səni görüm əlil olasan, dilənəsən, mən də sənə pul verim» dedi, lakin o hadisəni atama danışmadı, bizə də susmağı tapşırdı. Atam gələndə ona dedik ki, Əli özü yıxıldı və yandı...

 

Atam artıq çoxdan tutulmuşdu, Əli isə əsgərlikdə idi, müharibənin qızğın vaxtları idi. Günlərin bir günündə, Abbasla mən evdə nahar edirdik, Hüseyin isə bazarda idi. Bir də gördük ki, qaça-qaça gəlir. Biz tez ayağa qalxdıq ki, görəsən nə olub, o isə təngnəfəs halda içəri girib anamı çağırdı:

   Ana, ana, Məmiş kişi bazarın girəcəyində oturub dilənir, tez ol gedək.

Anam kəlağayısını başına atdı, əlinə 1 manat pul götürdü və biz getdik ora. Məmiş kişi yamağlı, çirkli geyimdə bazarın girəcəyində oturmuşdu. Əlini uzadıb, dilənirdi, başını isə aşağı sallamışdı ki, onu tanıyan olmasın. Biz yaxınlaşdıq ona və anam pulu onun ovucuna qoyub dedi:

   Məmiş!

O başını qaldırıb mavi, balıq gözləriylə, təəcüblə bizə baxdı.

   Tanıdın məni?

soruşanda isə, gördük ki, tanıdı, gözlərindən yaş gəldi və başını saldı aşağa. Biz isə çönüb getdik. Bir daha onu orda görmədik, bir neçə gündən sonra isə, xəbər tutduq ki, ölüb.

 

Müharibədən sonra, Əli qayıtdı və işləməyə başladı. Biz də məktəbi bitirdik. Bizə «qol‑çomaq» oğludur deyərək ali məktəbə qəbul etməmək üçün maneələr törədilirdi, lakin bunlara baxmayaraq biz ali məktəbə girdik, oxuduq, adam olduq.

 

Sonralar kəndə getmişdim. Gedib, qabaq bizim olan o evə də baxdım. Ora hələ də kənd soveti, kitabxana və tibb məntəqəsi idi. Kitabxananın müdiri, biləndə ki, mən kimin oğluyam mənə belə bir əhvalat danışdı:

   Bir gün iş yerimdə idim. Bu zaman həyətdə bir qara maşın dayandı. Maşından düşən üç şəxs mənə yaxınlaşdı, salam-kəlamdan sonra, bunların içərisində canlı bir kişi məndən – «bu evin sahibi hanı?» deyə soruşdu. Mən elə başa düşdüm ki, o məndən burada nə yerləşir soruşdu. Mən bir-bir saymağa başladım. O isə sözümü kəsib, yüksək tonla – «yox ey, bu evin yiyəsini deyirəm» dedi. Mən də atanın bir il əvvəl həbs olunduğunu dedim. O isə başını bulayıb maşına əyləşdi və getdilər. Bu vaxtı bir nəfər mənə yaxınlaşıb soruşdu – «tanıdın onlar kim idi»? Mən, «yox» deyə cavab verdim. O, həyəcanla – «Mircəfər Bağırov idi» dedi. Sonradan mənə məlum oldu ki, 1924-cü ildə Mircəfər Bağırov, Mustafa Topçubaşovla atanın qonağı olub. Bu səfər də Qarabağdan qayıdarkən yenə ona baş çəkmək istəyirmiş. Çox gec gəldi, bir az tez gəlsəydi hər şey başqa cürə ola bilərdi...

 

1953-də Stalin öləndən sonra siyasi qurum yumşaldı, atama ölümündən sonra bəraət verdilər. Lakin onu harda bastırdıqlarını hələ də bilmirik.

 

Artıq 2008-in payızıdır. Mən qocalmışam, üzüm qırışıb, başım ağ-appaq ağarıb, amma, mən, sanki hələ də o 7 yaşındakı uşağam. Atama dediyim o sözlər hələ də yadımdan çıxmır. Görəsən onda bilsəydim ki, atamı ölümə aparırlar neyləyərdim, ona nə deyərdim və o mənə nə deyərdi?


Yazını "XəbərNamə"yə göndər! Şərhlər(6)
91 dəfə oxunub
bölmə: Müxtəlif
açar sözlər: ata repressiya 1937 sovet kənd 

Azerinter.net-in PageRank-ı 7 oldu

Oktyabr 20, 2008 15:39
Həsənəlizadə Ramin

 

Azerinter.net reytinq-sayqac sisteminin PageRank rəqəmi 7 oldu. Saytın əsas səhifəsində son iki xəbər bunlardır:

 

2008.10.12

Azərbaycanda ilk dəfə olaraq bizim saytımızın Google PageRank rəqəmi 7 oldu.

2008.10.10

Bəzi işlərimizə görə saytı müvəqqəti olaraq dayandırmışdıq, indi isə yenidən xidmətinizdədir.

 

Məlumdur ki, bir neçə vaxt öncə saytın PageRank rəqəmi cəmi 5 idi. 5-dən birbaşa 7-yə keçməsi çox maraqlı və alqışa layiqdir.

 

Təəssüf ki, bu sistemin reytinqində digər saytlarla bərabər açıq surətdə əxlaqsız saytlar da iştirak edir. Məsələn, retinq siyahısında ilk 20 sayt sırasında 2 bu cür sayt var. Fikrimcə, bu reytinqin səviyyəsini heç də yüksəltmir. Qeyd edim ki, bu günkü günə Azerinter.net reytinqində 1452 sayt iştirak edir.


Yazını "XəbərNamə"yə göndər! Şərhlər(12)
122 dəfə oxunub
bölmə: İnternet
açar sözlər: pagerank aznet sayqac reytinq sayt 

Blog Action Day 2008 və ya kasıbçılıq haqqında

Oktyabr 15, 2008 0:09
Həsənəlizadə Ramin

 

Bir neçə ay öncə, Makla nikli bir bloqçu Maklayaq bloqunda Blog Action Day aksiyası haqqında məlumat vermişdi. Mən də onun sayəsində aksiyanın rəsmi saytını ziyarət edib həmən aksiyaya qoşuldum. Məlumata görə çox sağ olun, Makla! Aksiyanın mahiyəti ondan ibarətdir ki, iştirak edən bloqçular ildə bir dəfə, eyni bir gündə, eyni bir problem və ya müəyyən bir mövzu haqqında öz bloqlarında yazı yazmaqla həmən problemə dünyanın diqqətini cəlb etməyə çalışırlar. Nəhayət ki, bu gün gəldi çatdı və bu ilki mövzu — kasıbçılıq, yoxsulluqdur. Qeyd edim ki, bu il aksiyada 9 000-dən çox bloq iştirak edir və bu bloqların 9 588 000-dən çox tək RSS oxucuları var, adi oxucuları isə yəqin bundan da çoxdur, yəni bu gün internetdə, müxtəlif dillərdə kasıbçılıq probleminə həsr olunmuş 9 000-dən çox yeni yazı dərc olunub və bu yazıları milyonlarla adam oxuyacaq.

 

Mən çox fikirləşdim ki, bu mövzunu necə açım, yəni Azərbaycandakı vəziyyətdən danışımmı, Somali və ümumiyyətlə, Afrikada acından ölən körpələr haqqında danışımmı, yoxsa bütövlüklə dünyada gedən proseslərdən, dünya sərvətlərinin ədalətsiz bölüşməsindənmi... Nəticədə bu mövzuların heç birinə toxunmaq istəmədim. Çünki, bunlar nə qədər acı da olsa, şəxsən mən bunu dəyişə bilməyəcəyəm, dünya, Afrika nədir, heç Azərbaycanda olan sosial problemlərin həlli təəssüf ki, tək məndən asılı deyil. Açığı mən heç təsəvvür də eləmirəm bu problemlər necə həll olunmalıdır. Buna görə, mən belə düşünürəm: gəlin uzaq getməyək, yaxınımıza, ətrafımıza baxaq, diqqət yetirək. Bəlkə kiminsə köməyimizə ehtiyacı var və biz ona kömək edə bilərik, yəni imkanımız var bunu etməyə. Bəzən sadəcə ürəkdən deyilən xoş söz, qardaşyanı məsləhət kiməsə maddi şeylərdən daha lazımlı ola bilər. Bir də unutmayaq ki, hər an, hər şey dəyişə bilər. Buna görə də gəlin bir-birimizə kömək edək, dəstək verək ki, sabah, lazım gəldikdə bizə də kömək əlini uzadan olsun. Və Allaha şükr edək!


Yazını "XəbərNamə"yə göndər! Şərhlər(7)
135 dəfə oxunub
bölmə: İnternet, Müxtəlif
açar sözlər: blog bloq aksiya kasıbçılıq yoxsulluq 

E.S. Tsıqankovun «Qəzasız sürücülüyün 120 üsulu» kitabı haqqında

Oktyabr 12, 2008 2:31
Həsənəlizadə Ramin

 

Qəzasız sürücülüyün 120 üsulu

 

Hörmətli oxucularım, bu gün sizə maraqlı bir kitab haqqında danışmaq istəyirəm. Onu çoxdan oxuyub kitab rəfinə qoymuşdum, yaxınlarda isə gözüm o kitaba sataşdı və onu bir daha da vərəqləyib oxuduqdan sonra istədim fikirlərimi sizinlə paylaşım.

 

Kitab sürücülük haqqındadır və «Qəzasız sürücülüyün 120 üsulu» («120 приёмов контраварийного вождения») adlanır, müəllifi isə, «Yüksək sürücülük sənətkarlığı mərkəzinin» rəhbəri, avtomobil idmanı üzrə Rusiyanın əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, texniki elmlər namizədi, professor Ernest Serqeyeviç Tsıqankovdur (Эрнест Сергеевич Цыганков). Bu adam sürücülər üçün qəzalara qarşı hazırlıq metodikasının müəllifidir. Həmən metodikaya əsasən minlərlə adi sürücü, idmançı və hətta xüsusi xidmət və hüquq mühafizə orqanlarının əməkdaşlarına təlim keçilib. Professor Tsıqankovun bir çox kitabları var və mən çalışacağam ki, gələcəkdə onun digər kitabları ilə də sizi tanış edim.

 

Yuxarıda adını çəkdiyim kitab, sürücülük vəsiqəsini alıb və xeyli maşın sürdükdən sonra əlimə keçmişdi. Açığı, onu oxuduqdan sonra bəzi şeyləri düzgün etməyimə çox məmnun olmuşdum, lakin bununla bərabər kəşf etmişdim ki, çox şeyi də düz eləmirdim ya da heç bilmirdim. Kitab terminlərlə dolu və bir az qəliz dillə yazılsa da, çox informativdir və burda asandan çətinə çox şey müfəssəl surətdə izah olunur. Sürücünün sükan arxasında oturuş qaydası, sürətli rejimdə hərəkət, döngələri keçmə, avtoşların sevimli tryukları — «polis dönüşü» və «drifting», müxtəlif vəziyyətlərdə qəzanın qarşısının alınması və bir çox başqa məlumatlar kitabda əks olunub. Təbii ki, təcrübə olmasa kitabı oxuyub «Şumaher» olmaq mümkün deyil. Amma, bu kitabda, təcrübədə tətbiq etmək üçün külli miqdarda nəzəri material verilir.

 

Kitab bütün sürücülər, avtoşlar, avtomobil idmanı ilə məşqul olanlar, DYP, xüsusi xidmət və digər hüquq mühafizə orqanlarının əməkdaşları üçün faydalı olar. Kitab ruscadır, deyəsən azərbaycancası yoxdur və mən həmişəki kimi ümid edirəm ki gələcəkdə olacaq...


Yazını "XəbərNamə"yə göndər! Şərhlər(5)
111 dəfə oxunub
bölmə: Kitablar
açar sözlər: sürücü avtomobil kitab maşın avtoş 

Azart.az haqqında

Oktyabr 1, 2008 19:24
Həsənəlizadə Ramin

 

Uzun müddət işləməyən Azart.az forumu yenidən fəaliyyətə başladı. Xoş döndün ay Azart! Forumun administrasiyası bildirdi ki, müəyyən texniki səbəblərə və serverdə olan problemlərə görə forum bir müddət işləmirdi.

 

Təəssüf ki, bu problemlərin həlli bu qədər vaxt apardı. Forum təxminən iki ay işləmədi, onun istifadəçiləri, oxucuları və ziyarətçiləri isə forumun gələcəyi barəsində xəbərsiz qalmışdılar. Təbii ki, bütün bunlar forumun heç də xeyrinə olmadı. Nə isə, təki gələcəkdə belə şeylər təkrarlanmasın, qalanı düzələr inşallah!

 

Bilməyənlər üçün bu forum haqqında qısa məlumat verim. Azart.az — Azərbaycan dizaynerlərinin forumudur. İki gənc dizayner Samir Hüseynov və Nəriman Məmmədov onu 2007-ci ilin mart ayında yaradıblar. Mütəxəssislər və dizayn öyrənmək istəyənlər üçün forumu faydalı adlandırmaq olar. Qeyd edim ki, burda əsasən qrafik və veb dizaynerlər toplaşıb, lakin fotoqraflar, rəssamlar, “interior”, “interface” və “multimedia” dizaynerləri də var, gələcəkdə isə ümid edirəm ki, sənaye dizaynerləri və arxitektorlar da qoşularlar. Burda hər kəs öz fikirləri və təcrübələri ilə bölüşə, məsləhət ala, öz işini nümayiş etdirə, digər iştirakçıların işlərinə baxıb müzakirə edə və hətta, tənqid atəşinə belə tuta bilər. Forumda dizaynerlər üçün maraqlı və faydalı məlumatlar oxumaq, ya da belə məlumatlara keçidlər tapmaq olar. Burada keçid verməyə qadağan edilmir və hətta, şəxsi saytlara və dizayn studiyaların saytlarına da keçid vermək olar. Əfsuslar olsun ki, forum rus dilindədir (yəni bütün menyular, bölmələr və s.), məncə, onun Azərbaycan dilli olmaması ən böyük çatışmamazlığıdır, intası sevindirici hal budur ki, iştirakçıların bir çoxu şərhlərini Azərbaycan dilində yazırlar və məhz buna görə mən bu forumu AzNet-ə aid edirəm.

 

Azart-a uğurlar diləyirəm, ümid edirəm ki, forum daha da inkişaf edəcək və dizayn sahəsində işləyən mütəxəssislərin yardımçısı olacaq. Hazırda layihənin rus dilində olmasına baxmayaraq, ümid edirəm ki, gələcəkdə bu forum bütövlüklə Azərbaycan dilində olacaq.

 

P.S. Bir də demək istəyirəm ki, hazırda Azart.az özü üçün yeni loqotip düzəltdirmək məqsədi ilə müsabiqə keçirir. Müsabiqədə iştirak etmək üçün forumda qeydiyyatdan keçib, işinizi müvafiq mövzuda yerləşdirmək lazımdır. Qalib gələn iş Azart.az-ın rəsmi loqosu olacaq, işin müəllifinə isə 200 manat mükafat veriləcək. Bundan əlavə, forumu yaradanların adları ilə bərabər əsas səhifədə loqotip müəllifinin də adı yazılacaq. Bacarığınız varsa buyurun siz də iştirak edin!


Yazını "XəbərNamə"yə göndər! Şərhlər(9)
168 dəfə oxunub
bölmə: Dizayn, İnternet
açar sözlər: azart.az dizayner forum dizayn internet 

Ramazan Bayramınız mübarək!

Sentyabr 30, 2008 21:08
Həsənəlizadə Ramin

 

Sankt-Peterburqda Bayram namazı
Şəklin mənbəyi: travellerphoto.net        

 

Hörmətli oxucularım, bu gün Sankt-Peterburqda yaşayan müsəlmanlar da bütün dünya ilə bir yerdə müqəddəs bayramı qeyd edirlər. Mən də hamınızı İd əl-Fitr — Ramazan Bayramı münasibəti ilə ürəkdən təbrik edirəm! Allah orucunuzu qəbul etsin, süfrənizi həmişə ruzi-bərəkətlə dolu etsin! Bayramınız mübarək!


Yazını "XəbərNamə"yə göndər! Şərhlər(10)
128 dəfə oxunub
bölmə: Müxtəlif
açar sözlər: ramazan bayram namaz islam 

Hicab haqqında

Sentyabr 26, 2008 18:52
Həsənəlizadə Ramin

 

Son zamanlar Azərbaycanda “elm və din bir araya sığışmaz”, “təhsil müəssisələrində hicabı qadağan etmək lazımdır” və s. və i.a. tipli söhbətlər baş alıb gedir, yeri gəlmişkən, nədənsə söhbət yalnız hicabdan gedir. Başqa dini əlamətlərdən yox, başqa dinlərə xas olan geyimlərdən yox, məhz müsəlman qadınının hicabı bəzi şəxslərin gözünə girir. Bəli, ordan-burdan eşidirik ki, din və elm bir ola bilməz, təhsil sistemində hicabı qadağan etmək lazımdır, filan-bəsməkan... Bütün bunlar çox qəribədir və eyni zamanda təhlükə hissi doğurur. Görəsən bu külək hardan əsir?

 

Baxmayaraq ki, hazırda Azərbaycanda hicabı qadağan edən qanun yoxdur, bəzi məktəblərdə hicab geyinmiş müəllimələri məktəbə dərs keçməyə buraxmırlar, bəzi ali məktəblərdə hicablı tələbə qızları dərsə buraxmırlar, eşitdiyimə görə hətta bəzi şirkətlər belə, hicablı əməkdaşlarını sıxışdırır və hicablı qadınları işə götürmürlər. Bu qadağaları qoyan kiçik məmurlar dövlətin kübar olmasıyla öz əməllərinə bəraət qazandırmaq istəyirlər, lakin, eyni zamanda, dövlətin bütün vətəndaşlarına və qeyri-vətəndaşlarına istədikləri dinə ibadət etmək və ya heç birinə etməmək haqqını himayə edən Konstitusiyaya əhəmiyyət vermirlər.

 

Mən başa düşə bilmirəm, bəyəm ölkədə başqa problem yoxdur ki, kimin nə geyindiyini müzakirə edək? Yooox! Biz də gərək bu ən “vacib” məsələlərdən biri olan hicab məsələsini qurdalamalıyıq. Necə yanı — Türkiyiədə axı ali məktəblərdə hicabı qadağan edən qanun var — bizdə də olmalıdır, Fransada ümumiyyətlə, hicabla nə məktəbdə, nə də universitetetdə, heç harda təhsil almaq olmaz — biz də elə eləyək...

 

Lakin, heç də hamı bu cür düşünmür. Bir çox deputatlar, məmurlar, siyasətçilər, hüquqşünaslar və adi vətəndaşlarımız, bizə Konstitusiya və Dövlət tərəfindən himayə olunmuş haqq və azadlıqlarımızı bu cür pozan qadağaların əleyhinə çıxış edirlər. Bu günlərdə maraqlı bir məqalə oxudum. Həmən məqalədə müəllif hicabı qadağan etməyinin tərəfdarı olan və “Ya hicab, ya elm” ifadəsi ilə tanınmış bir məmuru tənqid edir. Məqaləni oxudum və qərara gəldim ki mən də bu məsələyə öz fikrimi bildirəcəyəm. Nəticədə bu yazını yazıram...

 

Gəlin düşünək, doğurdandamı din, o cümlədən də, islam elmlə bu dərəcədə bir yerə sığmaz şeylərdir? Zənnimcə yox. Axı biz əgər elmin tarixinə, onun yaranmasına, inkişaf dövrlərinə baxsaq, görərik ki, keçmişdə müsəlman ölkələrində elm daha sürətlə inkişaf edirdi, nəinki, digər ölkələrdə. Elmi mərkəzlər, böyük kitabxanalar, universitetlər, rəsədxanalar — bütün bunlar məscidlərlə yanaşı islam aləmində mövcud idi və biri-birinə maneçilik etmirdi. Astronomiya, riyaziyyat, cəbr, həndəsə, coğrafiya və bir çox başqa elmlər islam dünyasında yüksək dərəcədə inkişaf etmişdi, müsəlman alimləri isə dünyada ən öndə gedən alimlər sayılırdılar. Məgər indi bu mümkün deyil? Misal üçün İranı götürək, elm üzrə ən öndəgedən ölkə olmasa da, hazırda bu ölkədə elm sürətlə inkişaf edir və dövlət tərəfindən (qeyd edim: islam dövləti tərəfindən) dəstəklənir. Aha — deməli hicab geyinib elm öyrənmək mümkündür? Mən İranı nümunə tutmuram sadəcə misal çəkdim ki, yəni bu mümkündür. Bəs onda niyə kimlərsə bizi seçim qarşısında qoymaq istəyirlər: ya müasir, savadlı, müvəffəqiyyətli olmaq və “soyunmaq”, ya da dindar, ibadət edən, islamın qayda-qanununa riaət edib bisavad, işsiz, təhsilsiz qalmaq — niyə? Niyə biz belə bir seçim qarşısında qalmalıyıq ki? Məgər dindar olub eyni zamanda alitəhsilli, yüksək biliklərə malik olan, müasir insan olmaq mümkün deyil? Məgər dünyada yalnız iki rəng var — ağ və qara? Niyə biz yalnız qara və ya ağ seçməliyik? Axı qırmızı da var, narıncı, bənövşəyi, nə bilim, çəhrayı zolaqlarla bozumtul-yaşıl. Ümumiyyətlə, bizim cəmiyyətimiz mənə bir nağıldan yarasanı xatırladır: nağılda quşlarla heyvanlar düşmənçilik edirlər, yarasa isə hər iki tərəflə olmaq istəyir. Bunun üçün quşlara deyir: — baxın qanadlarım var, mən də quşam, heyvanlara isə: — dişlərimə baxın, quşun dişimi olar? Biz də həmçinin — Avropaya, qərbi sivilizasiyaya üz tutub öz müasir olmağımızı göstərmək istəyirik, keçmişimizi, özlüyümüzü isə gizlətmək, yox etmək istəyirik, lazım olanda isə deyirik ki, biz də müsəlmanıq... Niyə axı sadəcə yarasa olmaq olmaz — bəli mən heyvanam, amma uçmağı da bacarıram — bu möcüzə deyilmi?

 

Yaxşı gəlin bu elm və din məsələsini qoyaq bir qırağa. İnsan haqları haqqında danışaq. Misal üçün Rusiyanı götürək, bu ölkə dünyada ən demokratik ölkə deyil və bildiyimiz kimi müsəlman ölkəsi də deyil, lakin, Rusiyada müsəlmanlar yaşayır, Rusiyanın tərkibində islam dininə ibadət edən kiçik xalqlar, respublikalar, vilayətlər var. Bu ölkədə orta və ali məktəbdə, hansısa başqa təhsil müəssisəsində və bildiyimə görə heç harda hicaba qadağa yoxdur, yəni hicabda dərs keçmək, dərs oxumaq, işləmək, sadəcə yaşamaq olar. Lakin burda da bəzən haqları qorumalı olursan. Məsələn, Rusiyanın tərkibində olan Tatarstanda dindar qadınlar pasport üçün şəkil çəkdirəndə başlarını açmaq istəmirdilər, amma, məmurlar şəkildə başı açıq olmağı tələb edib, onlara pasport vermirdilər. Onda bu qadınlar pasport üçün şəkli hicabda çəkdirmək haqqlarını məhkəmədə qorudular və uddular. Nəticədə, hazırda başını açmaq istəməyənlər pasporta başörtülü şəkil çəkdirirlər. Mən Rusiyanı da nümunə tutmuram, bu ölkədə də problem çoxdur. Mən sadəcə başa düşmək istəyirəm ki, bu qadınlar ayıb bildikləri yerlərini örtmək istəyirlər və eyni zamanda həyatdan qalmaq istəmirlər — oxumaq, bilmək, işləmək istəyirlər, onları bu adi istəklərdən, haqlardan nə səbəbə məhrum etmək lazımdır? Axı hicab geyməklə qadınlar məncə heç kəsin haqqını pozmurlar, deməli bu geyimi geyməyə haqları var. Məncə bu cür qadağalar etmək cəmiyyəti parçalamaq və dövlət təhlükəsizliyinə zərbə vurmaq deməkdir.

 

Yaxınlarda Azərbaycan respublikasının təhsil haqqında Kodeksi qəbul olunmalıdır. Kodeksin içində 3 qanun olacaq: Təhsil haqqında, Ali təhsil haqqında və Elm haqqında. Ümid edirəm ki, bu Kodeksdə Türkiyə və Fransadakı kimi hicabı qadağan edən ayrı-seçkilik tərzində olan, ağılsız və lazımsız maddələr olmayacaq...