Hörmətli oxucular, bloqumun «Müsahibələr» bölməsinin bugünkü qonağı İnternet üzrə təcrübəli mütəxəssis, Kataloq.NET layihəsinin yaradıcısı və «Sahil-İT» MMC şirkətinin rəhbəri Vahid Qasımovdur.
— Salam Vahid bəy, bloquma xoş gəlmisiniz! İlk növbədə bloquma qonaq olub, mənimlə söhbət etməyə razılaşdığınız üçün sizə təşəkkür edirəm! Vahid bəy, zəhmət olmasa oxucularıma işiniz, şirkətiniz haqqında bir az məlumat verin.
— Salamlar! İlk öncə şəxsimə qarşı maraq göstərdiyiniz üçün sizə dərin təşəkkürlərimi bildirirəm. Çalışacağam ki, etibarınızı doğruldum.
İşimiz İnternetdir. Özüm artıq 10 ilə yaxındır ki, İnternet texnologiyalarla məşğul oluram, eləcə də «Sahil-İT» şirkəti milli İnternetə töhfələri ilə 5-ci ilini tamamlayır.
— Kataloq.NET layihəniz 2007-ci ildə Azərbaycanın Milli İnternet Mükafatı olan «NETTY» mükafatını qazandı. Bu sizə nə verdi? Yəni, layihə üçün bunun müsbət və ya mənfi təsiri oldumu?
— Layihənin servis saytlar kateqoriyasında Netty-2007 mükafatçısı olmasının təbii ki, layihənin tanınması nöqteyi-nəzərdən olduqca əhəmiyyətli rolu olub. Eyni zamanda bu fakt bizi məcbur edir ki, Kataloq.NET-ə daha da ciddi yanaşaq və davamlı olaraq inkişaf etdirək.
— Kataloq.NET-in «Haqqımızda» bölməsində qeyd olunub ki, layihənin irəli gedən inkişaf planları nəzərdə tutulub. Eyni zamanda qeyd olunub ki, Google, Yahoo, Yandex kimi axtarış saytları ilə rəqabət aparmaq niyyətiniz yoxdur. Bununla bağlı bilmək istərdim – layihənizin inkişafı hansı istiqamətdə gedəcək? Gələcəkdə siz onu necə görürsünüz?
— Birinci növbədə məqsədimiz Azərbaycan dilində məlumat mənbəyi ola bilən bir resurs hazırlamaq və həmin resurs içərisində rahat axtarış sistemini qurmaqdır. Müəyyən dərəcədə, qoyulan hədəfə yaxınlaşdıq. Ancaq istər içindəki məlumatların sayı baxımından, istərsə də əhatə etdiyimiz sahələr baxımından Kataloq.NET-in indiki səviyyəsi bizi qane etmir. Ona görə də üzərində işləməyə davam edirik. İçindəki məlumatları genişlədərək, yeni bölmələrin ortaya çıxması üçün işlər aparırıq. Qabaqcadan planlarımız barədə danışmaq istəmirəm, söz verirəm ki, çox yaxında özünüz görə biləcəksiniz.
— Vahid bəy, hər halda, fikrimcə, inkişaf çox ləng gedir. Sizcə fikrim doğrudurmu? Doğrudursa bu zəiflik nə ilə bağlıdır? Vaxt məhdudluğu, maddi problemlər, yoxsa, bu layihəyə artıq marağınız sönüb?
— Tamamilə haqlısınız. Layihəyə başladığımız vaxtı, bütün imkan və resurslarımızı səfərbər edərək, ayda bir bölməni hazırlayıb yayımlayırdıq. Beləcə 2006-cı ilin sentyabrında saytlar kataloqu, oktyabrda şəxslər kataloqu, noyabrda qurumlar kataloqu və dekabrda da Bakının elektron xəritəsi tamamlanmış oldu. Bununla biz əslində gözəl templə işləyə bildiyimizi sübut etmiş olduq. Ancaq şirkətin 4 aylıq layihə üzərində intensiv işi nəticəsində daxili resurslarımız tamamilə tükənmiş oldu. Bir də ola bilsin ki, əsas məqsədimiz olan elektron xəritənin yaradılması problemini həll etməklə müəyyən bir mənəvi rahatlığı və özündən razılığı təsiri altında layihə üzərində işimizi bir qədər yavaşlatdıq. Fəqət yenə də, fikir vermisinizsə, bayramlarda Kataloq-da elektron açıqçalar bölməsi, orucluq ayı boyunca xüsusi Ramazan buraxılışı aktiv olur. Hətta artıq hazır olan, fəqət yayıma açmadığımız bölmələr də mövcuddur ki, onlarla yaxında tanış ola biləcəksiniz. Maraq sönməyib, tam əksinə, yeni bir-birindən maraqlı planlarımız var. Hər şeyin vaxtı vardır, inanıram ki, vaxtı gələndə, bu planlarımızı da gerçəkləşdirmək üçün vaxt və imkan tapılacaqdır.
— Kataloq.NET-dən başqa sizin hansı layihələriniz var və sirr deyilsə yaxın gələcəkdə hansılarını həyata keçirməyi planlaşdırırsınız?
— İnşallah, əsas olaraq vaxt və insan resursu tapılsa, İnternet auditoriyamızın kənarda qalan bir qismi üçün xüsusi bir resurs hazırlamaq planlarımız vardır. İnanıram ki, onu da yaxın bir il ərzində hazır edib istifadəçilərimizə ərməğan etməyə imkanımız olacaqdır. Sirlərimi axıra kimi açmayıb, sizi maraq içində qoyduğum üçün üzr istəyirəm, ancaq həqiqətən də, işi görməmişdən əvvəl onun barədə danışıb, vaxtından qabaq reklam etməyi xoşlamıram.
— Vahid bəy, icazənizlə, ümumilikdə İnternet və o cümlədən də, AzNET haqqında danışaq. Buna görə də, gəlin, ilk öncə AzNET terminini müəyyənləşdirək. Məsələn, mən AzNET dedikdə Azərbaycan dilində olan saytları nəzərdə tuturam. Bəs siz AzNET anlayışını necə başa düşürsünüz?
— Azərbaycanla hər hansı bir aidiyyatı olan resurslar bizə görə AzNET-ə daxildir. Azərbaycan dilində saytlar, Azərbaycan vətəndaşı olan və özünü azərbaycanlı hesab edən şəxslərin yaratdığı saytlar, Azərbaycana həsr olunan saytlar və Azərbaycanda yerləşən müəssisələrin saytları dilindən asılı olmayaraq fikrimizcə AzNET-ə daxil edilə bilər. Ayrıca saytlar kateqoriyasına daxil edilməyən çat serverləri, kanal və otaqları, wap-resurslar və İnternet vasitəsi ilə yayımlanan digər informasiya vasitələrinin hamısı AzNET-i təşkil edir.
— Hazırda hesab olunur ki, müasir İnternet Web 2.0 standartlarına uyğundur. Eyni zamanda Web 2.0 termininə heç kim dəqiq tərif verə bilmir. Web 2.0 anlayışını siz necə başa düşürsünüz?
— Yaxşı sualdır. Vaxtı ilə İnternet, hamıya açıq olmaqla, informasiya dünyasında bir çevriliş etmişdir. Web 1 məlumatı təqdim etmə dövrü idi. Web 2 artıq məlumatı bölüşmə dövrünü təmsil edir. Yəni, sayta daxil olmaqla biz ancaq məlumatdan istifadə etmək əvəzinə həmin saytın inkişafı üçün öz tövhəmizi də qoya bilərik. Web 2 – ümummilli bölüşmə dövrüdür. Növbəti çevrilişdir.
— Sizcə AzNET artıq Web 2-dədir yoxsa hələ də Web 1-də qalıb?
— Heyf ki, milli İnterneti mən hələ də Web 1-də görürəm. İnternet istifadəçilərimiz hələ təzə-təzə original kontenti istehsalı prosesinə başlayıblar. İnformasiya saytları özləri xəbər istehsal etməyə başlayıb, bloqlar yaranmağa, bloq sahibləri plagiat yazıları əvəzinə özləri yazı yazmağa başlayıb. Ancaq məlumat bölüşmək, başqasının saytını zənginləşdirmək məntiqi hələ də beyinlərdə oturmayıb, hətta əslində elə bir məkan da yoxdur. Beləliklə, biz bir neçə il gecikmə ilə normal təkamül yolu ilə irəliləyirik. Ümidvaram ki, Web 3 dövrü başlamadan, Azərbaycan İnterneti Web 2 fazasına çatacaqdır.
— Web 2.0 anlayışı müəyyən olunmamış, artıq Web 3.0 və hətta Web 4.0-dan da söhbət açılır. Bəs siz ümumilikdə İnternetin və o cümlədən də AzNET-in gələcəyini necə görürsünüz? Yəni, sizcə İnternetin inkişafı hansı istiqamətdə gedəcək və bu yolda hansı təmayüllər üstünlük təşkil edəcəkdir?
— Belə görünür ki, İnternet – müasir cəmiyyətin ən gözəl modelidir. Hər şey açıq, hər şey mümkün, hər şey asan və hər kəs özünü özü idarə etməyə malikdir və o gücə sahibdir. Hamının eyni mühiti paylaşaraq öz yolu ilə getməsi və bir-birinə ziyan vermədən, sıxışdırmadan, müxtəlif əməkdaşlıqlar atmosferi hakimdir. Real insan cəmiyyətində belə bir mühit barəsində ancaq xəyal etmək olar. İnternet gözəldir. Hal-hazırda ancaq bir problem var – məlumatların dublikasiyası (təkrarlanması, kopyalanması). Bu problem də həll olunsa, İnternet tam kamil səviyyəyə çatacaqdır.
— Hazırkı AzNET-ə qayıdaq. İnternetimizə nəzər yetirdikdə, şəxsən məndə, belə bir təəssürat yaranır ki, bizdə İnternetdən əsasən, yeniyetmələr istifadə edirlər və əksər hallarda bir oyuncaq kimi. Halbuki, bütün dünyada iş adamları İnternet məkanında artıq biznes qurur və bu sahəyə çox ciddi yanaşırlar. AzNET-də isə nə biznes quran var, nə də investorların bu sahəyə marağı. Sizcə bunun səbəbi nədir?
— Əfsuslar olsun ki, haqlısınız. Statistikalar göstərir ki, bizdə İnternetdən istifadə edənlərin yaş ortalaması 21-22-dir. Bu göstəricinin gözəl tərəfi vardır. İndinin uşaqları kiçik yaşdan İnternetə yiyələnirlərsə, böyüyəndə oyuncaqlardan ciddi işlərə keçəcəklər. O ki qaldı iş adamlarının və investorların bu sahəyə maraqlarının zəif olmağına, bu həm həmin iş adamlarının texnologiyalardan uzaq qaldıqlarından, həm də ki yeni dövlət kimi yaranan Azərbaycanın yeni yaranan iqtisadiyyatının daha stabil vəziyyətə gəlməməsindən irəli gəlir. İnanıram ki, burada da vaxt hər şeyi yerbəyer edəcəkdir.
— Son vaxtlar AzNET-də kütləvi miqdarda bloqlar açılıb, buna necə baxırsınız? Ümumiyyətlə, bloq oxuyursunuzmu? Oxuyursunuzsa, hansı bloqları və onlarda sizi maraqlandıran nədir?
— Bloqların kütləviləşmə prosesini mən hələ ki müşahidə edə bilmirəm. Bəli, qabaqlar heç yox ikən, indi yavaş-yavaş bloqlar yaranmağa başlayıb. Ancaq lazımi səviyyədə deyil. Yazarlar çox təcrübəsizdirlər. Arada maraqlı bloqlara rast gəlirəm, ancaq davamlı olaraq təkib etdiyim yeganə bloq, V. Sapunovun livejournal-dakı bloqudur. Səbəbini dəqiq deyə bilmərəm. Ancaq mənə elə gəlir ki, bu mənim gözəl, maraqlı, hərtərəfli, yeni, original, məna və fikir dolu, üsul olaraq yüngül və qrammatik olaraq düzgün dildə yazılmış yazıları oxumaq istəyimdən irəli gəlir.
— Vahid bəy, vaxt ayırıb suallarımı cavablandırdığınız üçün sizə təşəkkür edirəm. Sizə uğurlar!
— Təşəkkür edirəm. Sizə, bloqunuza və bloqunuzu ziyarət edib oxuyan həmvətəndaşlarımıza müvəffəqiyyətlər arzulayıram.
— Çox sağ olun!