Bloqu necə tanıtmalı
İyul 17, 2008 19:45Həsənəlizadə Ramin
Azərbaycanın bloqosferasında və ümumiyyətlə, virtual aləmində tanınmış MarketoBlog-un müəllifi, bizim hörmətli marketoloqumuz Vüsal Qəmbərov mənə marketinq haqqında yazmağı təklif etdi, sağ olsun mövzu üçün! Təəssüf ki, mən marketoloq deyiləm və marketinq haqqında savadlı, maraqlı və faydalı məqalə yaza bilməyəcəyəm, bu işdə Vüsal bəyə çata bilmərəm. Yazılarımın birində isə, söz vermişdim ki, bloqlar haqqında yazacağam. Bu yazım nə bloqlar haqqındadır nə də marketinq haqqında, bu yazı bloq marketinqi haqqındadır. Yəni bloqu necə tanıtmalı, qabağa çəkməli.
Deməli belə: mən yazımda söhbət açmaq istəyirəm ki, bloqu tanınmış, məşhur, ziyarət olunan və gələcəkdə ola bilsin, hətta, gəlir gətirən etmək üçün neyləmək lazımdır. Məndən soruşa bilərsiniz ki, – “yəni, sənin bloqun belə məşhurdur ki, bizi öyrədirsən”? Bloqumun nə tanınmış olması, nə məşhurluğu, nə ziyarətçi sayı ilə öyünə bilmərəm, gəlir barədə isə heç söhbət açmalı deyil, amma, bu o demək deyil ki, yazmaq istədiklərimin heç bir mənası yoxdur.
Mən bir bloqçu kimi təzəlikçə fəaliyyətə başlamışam, təqribən cari ilin aprel ayından bəri. Yəni bu işdə xamam. Lakin, bu qısa müddətdə bloqçluğa bir az alışmışam və artıq bu bloq işində azdan-çoxdan nəsə başa düşməyə başlamışam. Bu işdə təzə olduğum üçün, hər şeyi təzə-təzə öyrənirəm və yazım, əsasən, özüm kimi xam bloqçulara yönəlib. Təcrübəli bloqçular üçün, yazdıqlarım, əlbəttə ki, yenilik deyil, bəlkə də gülməlidir. Onlardan xahişim budur ki, səhvlərim olsa düzəltsinlər.
Beləliklə, mən, nə başa düşmüşəm? Birincisi, fikrimcə, ən əsası və heç kim üçün sirr olmayan budur: bloqun tərkibini original, xüsusi tərzə malik olan materiallar təşkil etməlidir, hansı ki, bu materiallar yalnız bloqçuya (bloqa) məxsusdur. Yəni məqalə, şer, hekayə, mətn, şəkil, rəsm, proqram, yəni bloqunuzda oxucuya, ziyarətçiyə təklif etdiyiniz hər bir “cız”, sizin öz şəxsi əməyinizin nəticəsi olmalıdır.
Mən burda, “bloqda nə haqqında yazmalı” kimi məsləhətlər vermək istəmirəm, bunu hər kəs özü üçün müəyyən edə bilər. Məsləhətim budur ki, bloqda bildiyiniz, başa düşdüyünüz, bacardığınız şeylərdən yazsanız yaxşı olar.
Yazıların təqdim olunmasının da böyük əhəmiyyəti var. Yazılar oxunaqlı, asan anlaşılan, qavranan, mənimsənən və təbii ki, maraqlı yazılmış olmalıdır.
Bir vacib amil də ki, bloqun görünüşüdür. Bloqun görünüşü cəlb etməlidir, adama gəl-gəl deməlidir, iyrənc, çirkin olmamalıdır, ya da, heç olmazsa bloqdan tezliklə çıxmaq istəyini yaratmamalıdır. Bloqa elə bir dizayn düzəltmək və ordakı məqalələri elə tərtib etmək lazımdır ki, ziyarətçi həmən məqalələri oxumaq istəsin. Bloqu cürbəcür parlaq, sayrışan, atlanıb düşən bannerlərlə, böyük rəngarəng yazılarla doldurmaq lazım deyil. Onlar yalnız mane olur, diqqəti yayındırır, əsəbləşdirir, ümumiyyətlə, bloqun görünüşünü korlayır və dizayn baxımından heç bir dəyər daşımırlar.
Özünüzə fikir, ideya dəftəri açın və bloqla bağlı bütün fikirlərinizi orda qeyd edin. Dəfələrlə olur ki, başımıza maraqlı ideya gəlir, 10 dəqiqədən sonra isə onu unuduruq, amma, dəftərdə qeyd etsək, bu fikir qalacaq (təbii ki, dəftər itməsə). Bir azdan görəcəksiniz ki, dəftərdə fikirləriniz yığılıb və “Fikir dəftəriniz” ideya mənbəyinə çevrilibdir. Plan tərtib edin, nə yazacaqsınız, neçə vaxtdan bir, mövzular fikirləşin və s. Şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, “Fikir dəftəri” və plan olmasa, bəzən bir mövzu fikirləşib o barədə bloqa nəsə yazmaq çox çətin olur. Qabaqcadan fikirləşin ki, gələn dəfə nə yazacaqsınız. Hətta bloqa yeni bir yazı qoyarkən, gələn dəfə üçün hazır məqalənin və ondan sonraya növbəti məqalənin layihəsinin olması məsləhətdir.
Bəs bloqu nə vaxtdan bir yeniliməli (yəni yeni yazı qoymalı)? Nə qədər tez-tez olsa bir o qədər yaxşıdır. İmkan daxilində, bloqu hər gün yeniləmək lazımdır, ya da heç olmazsa 2 gündən bir, lakin 1 həftətədən çox ara vermək məsləhət deyil. Əlbəttə ki, bloqu hər gün yeniləmək ideal olardı. Reallıqda isə, hər gün original, maraqlı material yaratmağı hər kəs bacarmır. Mən, məsələn, bəzən heç 2 həftədən bir də bloqumu yeniləmirəm. Burda mənim prinsipim belədir: az olsun, saz olsun! Hər halda, yenə təkrar edirəm, yeniləmə nə qədər tez-tez olsa bir o qədər yaxşıdır, yerləşdirilən materialların maraqlı və faydalı olması şərti ilə. Bununla belə, materialları diqqətlə oxuyub yoxlamamış, dərc etməyə tələsməyin. Yazını başqa adam da oxusa yaxşı olar, həmən adam səhvlər tapa bilər, nəyisə anlamaya bilər, onun sualları, qeydləri, hansısa təklifi və nəhayət müsbət yaxud mənfi rəyi ola bilər. Bu cür fikirlərə diqqətlə yanaşmaq lazımdır, çünki, yazınızı bir adam düzgün anlamayıbsa digəri də tapılar. Yazını yoxlayın, əmin olun ki, oxucu ona demək istədiyinizi düzgün başa düşəcək və öz dəyərli məqalənizi ancaq bundan sonra dərc edin.
Beləliklə, bloqun tərkibini və görünüşünü müəyyən etdik. Nəticədə, bizdə hər gün gözəl məqalələrlə yenilənən, təssəvüredilməz dizayna malik olan bloq alındı. Sonra nə? Bu bloq haqqında dünyanı necə xəbərdar edək? Ziyarətçiləri bura necə gətirək? “Oxucular özləri məni tapacaq” – deyə düşünmək sadəlövhlük olardı. Oxucular bəlkə də tapacaqlar e-e, amma, çox az sayda və bu tezliklə olmayacaq. Bəs neyləyək? Əvvəla, bloq haqqında dosta-tanışa, qohum-əqrabaya xəbər vermək lazımdır, bloqu ziyarət etsinlər, baxsınlar, öz fikirlərini bildirsinlər, bəlkə, nəticədə bir neçə nöqsan, səhv zad tapılar. Hər şey əladır? Onda, bloqu çox fəal olaraq tanıtmağa başlamaq lazımdır. Bloqu bir neçə reytinq-sayqac sistemlərində qeydiyatdan keçirin və həmən sistemlərinin sayqaclarını bloqda yerləşdirin. Bu bloqun ətraflı ziyarət statistikasını bilmək üçün vacibdir. Sayqacları seçmək problem deyil, bu cür xidmət göstərən kifayət qədər sayt var. Mən Azerinter.net (Azərbaycan dilli sayqac sistemidir, mənə görə çox rahat və tələblərimi qanı edən bir sistemdir) və İnet.az (bu da eyni tipli sayqac sistemidir, amma, rus dilindədir) sayqaclarını istifadə edirəm, bunu bloqumda müşahidə edə bilərsiniz.
Sonra, müxtəlif bloqlar axtarıb tapmaq, onları oxuyub şərh yazmaq, qısaca desək, bloqçularla münasibət yaratmaq lazımdır. Şərh yazaraq, öz bloqunuza keçid qoymağı unutmayın. Şərhlər mövzuya aid və konkret olmalıdırlar. “Mənim bloquma keçid versən mən də səninkinə keçid verərəm” tipli şərhlər şərh deyil – spamdır. Heç kimdən heç nə yalvarıb istəmək lazım deyil, əgər sizin maraqlı, faydalı bloqunuz varsa, bloqçular xahişsiz zadsız özləri ona keçid verəcəklər. Bloqları oxumaq və şərhlər yazmaq üçün özünüzə vaxt ayırın.
İnternet aləmində iştirak etdiyiniz bütün layihələrdə, istər forum, istərsə də sosial şəbəkələrdə, imkan daxilində, bloqunuza keçid qoyun. E-məktub yazarkən bloqun URL-ünvanını imzanıza əlavə edin. Bu haqda Fərhad Əsgərzadə öz “Sahil” bloqunda əməlli-başlı məqalə yazmışdı. Yəni mümkün qədər çox yerdə çalışın bloqunuza keçid qoyun. Lakin, binalarda və çəpərlərdə bloqun URL-ni yazmaq məsləhət deyil, bu cür reklam bloqun adını ləkələyə bilər. Bütün bunlarla yanaşı nəzərə almaq lazımdır ki, bloq Azərbaycan dilində fəaliyyət göstərirsə, onun reklamını da əsasən Azərbaycan dilli auditoriyaya yönəltməyə cəhd göstərilməlidir.
AzNet-in gerçəkliyində daha nə etmək olar? Bizim gözəl saytımız var – “Xəbərnamə”, bu Azərbaycan dilində olan milli digg-saytdır. Orda qeydiyatdan keçib, bloqunuzda olan məqalələrə keçid vermək olar. “Xəbərnamə” iştirakçılarının xoşuna gələn məqalə elə onlar tərəfindən də qiymətləndiriləcək və məqalə müəyyən qədər xal toplasa bu saytın birinci səhifəsinə düşəcək. “Xəbərnamədə” iştirak etmə bloqu müəyyən dərəcədə həmən saytın iştirakçılarına və ziyarətçilərinə tanıdacaq və bloqa bir qədər ziyarətçi gətirəcək, hansı ki, öz növbəsində, bloqun daimi oxucularına çevrilə bilərlər. Burda qeyd etmək istəyirəm ki, bizim hədəfimiz təsadüfən gələn ziyarətçilər deyil, həqiqi oxucular və abunəçilərdir. Bilməyənlər üçün – abunəçilər – RSS vasitəsi ilə və bəzi brouzerlərin və ya bu cür xidmət göstərən saytların köməyi ilə bloqunuzu izləyən oxuculardır.
Bloqu müxtəlif kataloqlarda qeydiyatdan keçirmək məsləhətdi. Məsələn, Azerbaijanian.com, Kataloq.net və s. Bundan əlavə bloqun URL ünvanını Google.com, Yahoo.com, MSN.com və digər axtarış sistemlərinə əlavə etmək heç də pis olmaz, beləliklə bloq həmən axtarış sistemlər tərəfindən daha tez tapılacaq.
Xarici kataloqlar və sosial şəbəkələr haqqında da bir az söhbət etmək istərdim. Bunlar hansılardır? Bir neçəsini sadalayıb, onlar haqqında sizə qısaca məlumat verim. DMOZ, BlogCatalog, Del.icio.us, Technorati, VerveEarth və bir çox başqaları, hamsını, əlbəttə ki, deyə bilmərəm. DMOZ kataloquna düşmək çətin məsələdir, lakin cəhd etmək olar. BlogCataloq haqqında, yuxarıda adı çəkilən, “Sahil” bloqunun müəllifi, Fərhad Əsgərzadənin ətraflı yazısı var. Yeri gəlmişkən, mən də bu kataloqda Fərhad bəyin həmən yazısını oxuduqdan sonra qeydiyyatdan keçdim. Sağ olsun! Del.icio.us – əlfəcin saytıdır, burda qeydiyatdan keçib, öz profilinizdə istənilən sayta, istər öz saytınız, bloqunuz, səhifəniz, istərsə də digər, fikrinizcə, maraqlı və faydalı saytlara keçid verə bilərsiniz. Technorati – BlogCataloga oxşar bir kataloqdur. VerveEarth isə bloqlar xəritəsidir, burda bloqlar dünya xəritəsinin üzərində yerləşir. Bu xəritədə istənilən ölkəni seçib xəritənin miqyasını dəyişmək olar və baxmaq olar ki, harda hansı bloqlar var, Azərbaycanda olanlar çox azdır. Ümumiyyətlə, maraqlı layihədir. Bu cür saytlar çoxdur, axtarsanız yüzlərlə taparsınız. Onların əsasən inglis dilində olmasına baxmayaraq, orda da qeydiyatdan keçib fəaliyyət göstərmək faydalı işdir. Yəni, bu, xarici katalaqlarda iştirak edərək əsas məqsədimiz bloqa çoxlu ziyarətçi gətirmək deyil. Bu, PageRank indeksinin artmasına yardım edə bilər. Yüksək PageRank indeksi axtarış sistemləri üçün nüfuz əlamətidir və axtarışların nəticələri sırasında yüksək yerlər tutmaq şansını çoxaldır. Nəticələrdə yüksək yerlər də ki, daha çox ziyarətçi deməkdir. Bloqunuzun PageRank-ını prchecker.info saytında yoxlaya bilərsiniz, mənim bloqumun PageRank-ı hələ ki, 0-dır.
Müxtəlif kataloq və saytlarda qeydiyyatla iş bitmir. Qeydiyyatdan keçib kataloqa düşdükdən sonra yenə də fəal olmaq, kataloq iştirakçıları ilə ünsiyyət yaratmaq, bloqları ziyarət etmək, şərh yazmaq və beləliklə bloqunuzu tanıtmaq lazımdır. İnglis dilini bilmirsinizsə, üzülməyin, bir iki dənə “salam, sağ ol, çox sağ ol” tipli ifadə öyrənin, ilk vaxtlarda bəs edər, bir də görəcəksiniz ki, inglis dilini də yavaş-yavaş öyrənirsiniz. Bilmədiyiniz sözləri tərcümə etməkdə online-lüğət Polyglot.az yardımcı ola bilər.
Azərbaycan bloqosferası beynəlxalq virtual aləmində çox zəif təqdim olunub (günah özümüzdədir), buna görə də xarici bloq kataloqlarından, sosial şəbəkələrdən və digər qeydiyyatdan keçdiyimiz layihələrdən gələn ziyarətçilərin bloqumuzun daimi oxucularına çevrilməsi müşkül məsələdir, xüsusən də, bloqumuz Azərbaycan dilindədirsə. Bu ziyarətçilər, əsasən, təsadüfən azıb gələnlərdir və ya tək-tük türk qardaşlarımızdır. Yeri gəlmişkən, türk bloqçuları dünya bloq aləmində çox fəaldırlar (bizdən fərqli olaraq). Ümumiyyətlə, fikrimcə, bizim bloqçular çox passivdirlər. Bu haqda Fərhad bəy “Buzz” bloqunda yazmışdı. Mən də onu dəstəkləyib, bloqçulara daha fəal olmağı məsləhət görürəm. Dünyanın bloqlar aləminə qoşulun və bloqunuzu tanıdın!
P.S. Az qala yaddan çıxmışdı – fikrimcə, Azərbaycan dilli bloq kataloq və ya bloqçular üçün sosial şəbəkə yaratmağın artıq vaxtıdır. Zənnimcə, belə kataloq Azərbaycanın bloqosferasının inkişafına böyük təkan verərdi. Görün də neyləyirsiniz!
595 dəfə oxunub
bölmə: İnternet
açar sözlər: bloq azərbaycan ziyarətçi sayt bloqçu








Fsyo. Getdim bloqu tezelemeye.
İyul 17, 2008 20:30