Azərbaycanın xəbərlər saytları haqqında
Noyabr 23, 2008 18:35Həsənəlizadə Ramin

Azərbaycanın bir çox xəbərlər saytları ilə tanış olduqdan sonra ağlıma gələn bəzi fikirləri sizinlə bölüşmək istədim. Daima izlədiyim Azərbaycan xəbərlər saytları bunlardır: Apa.az, Day.az, 1news.az, Anspress.com, Lent.az və Qaynar.info. Fikrimcə bu saytlar Azərbaycanda baş verən hadisələri kifayət qədər ətraflı açıqlayırlar. Təbii ki, Azərbaycanda olan bütün xəbərlər saytları haqqında ətraflı danışa bilməyəcəyəm, lakin, daima izlədiyim, diqqətimi çəkən digər saytlar haqqında və Azərbaycanın İnternet xəbər aləmini ümumiyyətlə bir az analiz etməyə çalışacağam.
Çoxdillilik
Bizim xəbər saytlarımız, əksərən, çalışırlar ki öz xəbərlərini bir neçə dildə yayımlasınlar və bunun üçün saytlarının bir neçə dilli versiyasını hazırlayırlar. Azərbaycan dilinə əlavə olan əsas dillər ingilis və rus dilləridir. Bu yəqin ki, həmən dillərin geniş yayılması və bu dillərə tərcüməçilərin çox olması ilə izah olunur. Həmən saytlara diqqətlə baxdıqdan sonra, mən başa düşdüm ki, saytı çox dilli etmək olduqca çətindir. Texniki cəhətdən demirəm, çünki burda problem görmürəm. Əsas çətinlik fikrimcə, materialları müxtəlif dillərə tərcümə etməkdədir. Eyni saytın müxtəlif dilli versiyalarına fikir versəniz görəcəksiniz ki, eyni saytın müxtəlif dilli xəbər lenti biri digərindən çox fərqlənir, yəni hansısa xəbər bir dildə var digərində isə yoxdur və əksinə. Bunu başa düşmək olar – təsəvvür edin ki, hər an gələn xəbərlər axımını bir neçə dilə tərcümə etmək lazımdır, təbii ki, bunu bir neçə dəqiqə ərzində etmək mümkün deyil, xəbərlər isə oxucuya mümkün qədər tez çatdırılmalıdır, çünki, KİV geciksə, digər KİV onu qabaqlayacaq və oxucu ora gedəcək. Lakin eyni zamanda adama deyərlər – bacarmırsan eləmə də! Görəsən niyə KİV-lər çox dilli olmağa çalışırlar? Yəqin ki, əsas səbəblərdən biri ziyarətçi sayıdır. Burda qeyd etmək istəyirəm ki, müxtəlif dilli xəbər lentlərinin üst-üstə düşməsi üzrə lider şübhəsiz ki, 5 dilli (Azərbaycan, ərəb, fransız, ingilis və rus) versiyası olan Apa.az-dır. Mən indi başa düşürəm ki, niyə Day.az yalnız bir dildədir, indi başa düşürəm ki, çox dilli olmaq çətin və məsuliyyətli işdir. Buna görə Day.az-ın müxtəlif dillərdə olan mənbələrinin (ingilis dilli Today.az və Azərbaycan dilində nəzərdə tutulmuş lakin hələ işıq üzü görməyən Oxu.az) müxtəlif domenlərdə olmasını müxtəlif ad daşımasını başa düşürəm, çünki bu cür çox dillilik xəbərlər lentinin çox fərqli olmasına bəraət qazandırır, axı demək olar ki bunlar müxtəlif layihələrdir.
Day.az kimi yalnız bir dilli versiya istifadə edən saytlar, fikrimcə, düz yol seçiblər. Düz yol buna görə deyirəm ki, bizim KİV-lər hələ ki çox dilli olmağı bacarmırlar. Xəbərlər saytlarının demək olar hamısında orfoqrafik və qrammatik səhvlər tapmaq olar. Bunlar mənim bloqum kimi bir bloq olsaydı bunu başa düşmək olardı, amma, bu axı KİV-dir! Şübhəsiz ki, buraxılan səhvlər çox vaxt mexaniki səhvlərdir və tələsməkdən ya da diqqətsizlikdən irəli gəlir. Lakin, saytların rus dilli versiyalarında sözlərin kobud səhvlərlə yazılışına və hətta, cümlə quruluşunun səhv olmasına belə asanlıqla rast gəlmək olar. Digər dilləri o qədər də yaxşı bilmədiyimə görə onlardan danışmayacağam, lakin o dillərdə yayımlanan xəbərlərimizin nə gündə olmasını təsəvvür etmək çətin deyil. Maraqlıdır, korrektor və redaktorlar hara baxır?
Bəs xarici KİV-lərdə bu çox dillilik necə həyata keçirilir? Qeyd edim ki, Rusiyanın KİV-lərinin əksəriyyətinin yalnız rus dilli versiyası mövcuddur. İngilis dilində olan beynəlxalq mətbuat xidmətlərinin və informasiya agentliklərinin isə müxtəlif dilli versiyaları varsa da, bunlar əsasən bu dildə danışan millət və ölkələr haqqında yerli xəbər yayımlayan ayrıca alt-layihələrdir.
Qayıdaq öz KİV-lərimizə. Çox dilliliyə aid bir şey də demək istərdim. Əgər hansısa bir xəbərin digər dildə versiyası varsa niyə bunlar bir-biri ilə bağlı deyil? Yəni Wikipedia-dakı kimi. Məncə, bunu etmək texniki cəhətdən çətin deyil. Məsələn, hər xəbərin altında adətən “çap versiyası”, “xəbəri dosta göndər”, “forumda müzakirə et” kimi keçidlər var, “bu xəbərin filan dildə də versiyası var” kimi keçid də vermək olardı, saytlarda buraxılan səhvləri nəzərə alsaq, bəzən xəbərin original mətnini, tərcüməsi ilə müqayisə etmək pis olmazdı.
Xarici KİV-lərə və xaricdə yaşayan soydaşlarımıza diqqət
Təəssüf ki, KİV-lərimiz tərəfindən, xaricdə Azərbaycan haqqında yazılan və Azərbaycana hər hansı bir aidiyyatı olan analitik materiallara az diqqət yetirilir. Rusiyada, məsələn, ayrıca sayt var – inoSMİ.ru. Bu sayt RİA Novosti informasiya agentliyinin tərkibində olan bir layihədir. Bu sayt xarici KİV-lərdə Rusiya haqqında dərc olunan materialları (əsasən analitik materialları) rus dilinə tərcümə edib öz səhifələrində dərc edir. Sayt olduqca populyardır – gündə onu təxminən 100 000 nəfər ziyarət edir. Yaxınlarda isə, sayt hal-hazırda keçirilən RuNET 2008 müsabiqəsinin finalına çıxıb. Layihə üzərində cəmi 15 nəfər çalışır. Bunların 11-i tərcüməçi, 4-ü isə analitik şöbənin əməkdaşlarıdır. Tərcüməçilər nəylə məşğuldurlar bəllidir, analitiklər isə, dünya KİV-lərini araşdırır və Rusiya haqqında yazılan məqalələri tapıb hansını tərcümə etmək, hansını isə etməmək qərarını verirlər. Mən istərdim ki, Azərbaycanda da belə bir layihə həyata keçirilsin. Fikrimcə, bunu etmək elə də çətin olmaz, nəzərə alsaq ki, Azərbaycan haqqında elə də çox məqalə yazılmır. Məncə APA-nın resurslarını tətbiq etməklə bu cür layihəni həyata keçirmək çətin olmaz. Başqa sual – bu cür sayt Azərbaycana lazımdırmı? Kimsə deyə bilər ki, neyləyirik ee, onsuz da ingilis, rus dillərini çoxları bilir, türk dilində azdan-çoxdan oxuyub başa düşürük... Lakin bütün dilləri bilmək mümkün deyil, gəlin sual verək “qonşularımızın” dillərini çoxumuzmu bilirik? Fars, gürcü, erməni, ərəb dillərini bilirikmi? Buna görə bu cür saytın yaranmasında məncə məntiq var. Fikrimcə, Azərbaycan haqqında xarici analitiklərin daxili auditoriya üçün yazdıqlarını oxuyub araşdırmaq maraqlı və faydalı olar.
Xaricdə yaşayan azərbaycanlıların problemləri də demərəm ki, KİV-lərimiz tərəfindən lazımi qədər çox işıqlandırılır. Məncə dünyada bizə qarşı olan münasibətləri, soydaşlarımızın qarşılaşdığı çətinlikləri bilmək, öyrənmək çox vacibdir. Əsasən də, tarix boyu azərbaycanlılar yaşadığı, lakin, hazırda xarici dövlətlərin tərkibindəki ərazilərdə, torpaqlarda yaşayan soydaşlarımızın nə vəziyyətdə olduğunu bilmək və sərhədlərə baxmayaraq xalqın birliyini təmin etmək lazımdır. Nəzərə alsaq ki, son vaxtlar bu bir-birindən ayrılmış xalqın biri-birinə marağı artır, KİV-lər aramızda olan məlumat məhdudluğunu, boşluğunu doldurmalıdırlar. Təəssüf ki, bu cür məlumatlar hələ ki olduqca azdır. Güney Azərbaycandan nə qədər olmasa da müntəzəm surətdə məlumat verən saytlar bildiyimə görə yalnız Mediaforum.az və Qaynar.info-dur. Borçalı, Dərbənd, Kərkükdə yaşayan dildaşlarımız haqqında hansısa məlumat verən KİV isə deyəsən heç yoxdur. Demək olar ki, KİV-lər diasporalarla da işləmir və lazımi səviyyədə əlaqə yaratmırlar, xaricdə yaşayan azərbaycanlılar və ümumiyyətlə diaspora haqqında yayımlanan xəbərlər əsasən xarici KİV-lərin tərcümə olunmuş məlumatlarıdır. Nəticədə verilən məlumatlar çox vaxt qeyri-obyektiv və birtərəfli olur.
Dizayn
Xəbərlər saytlarımızın tərtibatına nəzər salsaq görərik ki, bunların əksəriyyəti istifadədə olduqca narahatdır. Əsas səhifədə mümkün qədər çox məlumat yerləşdirmək istəyi məcbur edir ki, saytda çox xırda şrift, kiçik sətirarası məsafə və kiçik, keyfiyyətsiz şəkillər istifadə olunsun, hansı ki, onu nə oxumaq, nə də şəkildə nə təsvir olunanı anlamaq olmur. Hiss olunur ki, saytı tərtib edəndə dizayn, istifadəçi üçün rahatlıq, xəbərin oxunaqlı, şəkillərin isə keyfiyyətli olması ən axırda nəzərə alınır ya da heç nəzərə alınmır. Hiss olunur ki, saytların dizaynını mütəxəssislər düzəltmirlər, ya da bu mütəxəssislərin peşəkarlıq səviyyəsi çox aşağıdır. Baxdığım saytların içində dizayn baxımından diqqətimi cəlb edən saytlar – 1news.az, Editor.az, Sia.az, Apa.az, Contact.com.az və Day.az-dır. 1news.az-ın fikrimcə xəbər saytı üçün çox əla dizaynı var, başqa heç nə deyə bilmərəm. Editor.az da çox xoşuma gəldi, lakin, onun xəbər lentində xəbərin əlavə olunduğu tarix və vaxt nədənsə göstərilmir. Bu istifadəçi üçün bir az narahatdır, çünki, xəbərin nə vaxta aid olduğunu bilmək vacibdir. Sonra, lentdə olan xəbər başlıqlarının sonunda “Daha ətraflı” keçidi isə fikrimcə artıqdır. Sia.az-da şəkillər çox vaxt dartılmış olur və görüntünü korlayır, digər şəkillərin keyfiyyəti isə çox aşağıdır, onları istifadə etməkdənsə etməmək yaxşıdır. Xəbərə aid şərh yazmaq üçün sahə nədənsə xəbərin altında yox, xəbərin altındakı “oxşar xəbərlər” siyahısından sonradır, eləcə də “poçtla göndər”, “çap et”, “seçilmişlərə” və “forumda müzakirə” keçidlər bloku. Apa.az-da kursoru xəbər mətninin üzərinə aparanda mətnin altı xətlənir, sanki mətn bütövlüklə keçiddir, bunu nə məqsədlə belə ediblər bilmirəm. Contact.com.az-da xəbər lenti çatışmır, buna baxmayaraq saytın sadə və xoş dizaynı var. Day.az-da hansısa original dizayn müşahidə olunmur – bu sadə və funksional bir saytdır. Bir də qeyd edim ki, xəbərlər saytlarında olan (bəzilərində isə həddindən artıq çox) sayrışan, atlanıb düşən reklam bannerləri heç də saytı bəzəmir. Təbii ki, hər birinə daha diqqətlə baxsaq bir çox başqa qeydlər də etmək olar.
İnteraktivlik və vebikinolluq
Xəbərlər saytlarımız Web 2.0 imkanlarından təəssüf ki, geniş istifadə etmirlər. Bəzilərində hətta RSS-abunəçilik xidməti yoxdur. Əksər saytlarda xəbərə şərh yazmaq imkanı yoxdur, xəbəri müzakirə etmək üçün gərək saytın forumundan yararlanasan, bunun üçün də gərək foruma daxil olub, orda qeydiyyatdan keçib, sonra müzakirəyə başlaya bilərsən, bəzən isə qeydiyyatdan keçdikdən sonra da xeyli gözləməlisən ki administrasiya qeydiyyatını təsdiqləsin. Bu qədər həngamədən sonra şərh yazmağa heç həvəs də qalmaz. Oxucular üçün şərh yazmaq imkanını yaradan saytlar bunlardır: Qaynar.info, Sia.az, Azerxeber.com. Qaynar.info-da şərh yazmağı yalnız Azərbaycan dilli versiyasında olar. Türk və rus dilli versiyalarda isə hələ ki şərh yazmaq olmur. Sia.az-da nədənsə yazdığım şərh yayımlanmadı, ola bilsin ki moderasiyanı keçmədi, ya da heç işləmir, halbuki şərhi göndərəndə “şərhiniz uğurla göndərildi” tipli messaj da açılmadı, buna görə dəqiqliklə bu xidmətin işləyib-işləməməyi barəsində heç nə deyə bilmərəm. Azerxeber.com-da yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh yaza bilərlər, bu da təbii ki oxucular üçün heç də rahat deyil.
Bir şey də var, bilmirəm, bunu yazımın bu bölməsinə daxil etmək nə dərəcədə düzgündür, lakin, qeyd etmək lazımdır ki, xəbərlər saytlarının bir çoxunun wap və mətn versiyaları mövcuddur. Bu Azərbaycan reallığında yaxşı şeydir, çünki İnternet istifadəçilərimizin çoxunun İnternet bağlantısı olduqca aşağı sürətlidir. Saytın mətn versiyaları isə çox “yüngül” olur və tez açılır. İnternet istifadəçilərimizin böyük bir qismi isə İnternetlə əl telefonu vasitəsiylə yararlanırlar. Şübhəsiz ki, onlar üçün wap versiyasının olması əlverişlidir.
Web 2.0 standartlarına uyğun olan, Digg.com, News2.ru, SMİ2.ru kimi saytlarımız yoxdur, daha doğrusu var, amma, onlara lazımi diqqət yetirilmir və bu layihələr, qurucuları tərəfindən inkişaf etdirilmir. Xəbərlər 2.0 adlanan layihə var. Burda oxucuların, istifadəçilərin iştirakı, xəbərə səsvermə deyilən şey heç nəzərə tutulmayıb. Mən belə başa düşdüm ki, bu sayt sadəcə RSS kanalı vasitəsiylə müxtəlif saytlardan aldığı xəbərləri yayımlayır. Layihənin mənasını başa düşəmmədim. Metbuat.info saytında məşhur xəbərlər, proqram tərəfindən, müəyyən alqoritmə əsasən və avtomatik olaraq seçilir. Yəni sayt müəyyən İnternet KİV-lərini mənbə kimi istifadə edir və proqram vasitəsiylə onların yayımladığı xəbərlərin içindən populyar xəbərlər seçilir. Saytın Azərbaycan, ingilis və rus dilli versiyaları mövcuddur. Metbuat.info öz xəbərlərini yayımlamır, sadəcə mənbə kimi istifadə etdiyi Azərbaycan, ingilis və rus dilli resursların xəbərlərini yayımlayır. Maraqlı layihədir. Proqram tərəfindən xəbərin populyar təyin olunmasının əsas amilləri xəbərin oxunma sayı və şərh sayıdır. Web 2.0 standartlarına demək olar ki, tam uyğun olan və Xəbərnamə adlanan ictimai layihə də var. Bu saytda istifadəçilərin iştirakı, xəbərə səsvermə və şərh yazmaq imkanı nəzərdə tutulub, hətta xəbərləri belə, istifadəçilər özləri əlavə edirlər. Lakin bu saytın problemi – istifadəçi və ziyarətçilərin olduqca az olmasıdır. Üstəlik də istifadəçilərinin əksəriyyəti bloqçulardır, hansı ki, əsasən öz bloqlarından və çox vaxt aşağı keyfiyyətli xəbərlər göndərirlər. Burda, mövzudan kənar olsa da, bloqçulara müraciət etmək istərdim: Dostlar, gəlin çalışaq Xəbərnaməyə yalnız öz bloqlarımızdakı xəbərləri yox, İnternetdə rast gəldiyimiz maraqlı, diqqətə layiq məlumatları da yerləşdirək! Qayıdaq mövzumuza. Xəbərnaməyə müxtəlif resurslardan maraqlı xəbərlər və məlumatlar yerləşdirilsə onu ziyarətçilər üçün maraqlı bir məkana, maraqlı xəbər yayan saytlar üçün isə “traffic” mənbəyinə çevirmək olar. Bundan əlavə Xəbərnamə tipli saytlar ictimai rəyi araşdırmaq üçün geniş imkanlar yaradır. Təəssüf ki bu anlayışlar bizə hələ gəlib çatmayıb. Yəqin ki səbəbi Azərbaycanda İnternetin ümumiyyətlə zəif inkişaf olmasındadır.
1319 dəfə oxunub
bölmə: İnternet, Müxtəlif
açar sözlər: azərbaycan xəbərlər kiv internet sayt





Çox yaxşı təhlildir. Təbrik edirəm
Noyabr 24, 2008 10:35