Axtarış

Bölmələr

Xəbərlər

Peyk TV antennaların satışı və quraşdırılması
Yuva jurnalı

Abunə ol!

Sayqaç

  • İndi blogda: 5
  • Keçən ayın hiti: 12764
  • Dünənki hit: 459
  • Bugünki hit: 49
  • Ümumi hit: 93936

Çəğıöşü yoxsa chaegioshwu?

Yanvar 27, 2009 1:17
Həsənəlizadə Ramin

 

Əlifba

 

Neçə vaxtdır bu haqda yazı yazmaq istəyirdim, baş qarışıq idi. Bilmirəm fikir vermisiniz ya yox, İnternetimizdə gözümə tez-tez sataşan maraqlı bir fenomen var. Forumlarda, bloqlarda bəzi istifadəçilər (hətta deyərdim ki çoxları) yazıları, şərhləri yazanda, Azərbaycan dilində yazsalar da əlifbamızı düzgün istifadə etmirlər. Azərbaycan əlifbası əvəzinə ingilis əlifbasını istifadə etməyə çalışırlar, məsələn ş hərfi əvəzinə sh və ya w; ç əvəzinə ch; ə əvəzinə e və ya a; ı, ö, ü, ğ əvəzinə isə müvafiq olaraq i, o, u, g. Rus dilində fəaliyyət göstərən forumlarımızda isə rus hərfləriylə azərbaycanca yazılmış şərhlər artıq adi hala çevrilib. Xaricdə yaşayanlar belə yazanda bunu başa düşmək olar, halbuki, onlar da əgər Azərbaycan dilində yazırlarsa öz kompüterlərində Azərbaycan dilli klaviatur düzümünü aktivləşdirə bilərlər – çətin bir şey deyil. Amma, Azərbaycanda yaşayanlar belə yazanda mən çox təəccüblənirəm. Məgər Azərbaycanda satılan kompüterlər Azərbaycan dilini dəstəkləmirlər? Ola bilməz!

 

Məlumdur ki, Azərbaycan əlifbasına tam uyğun olan şriftlər olduqca azdır, üstəlik də ki müəyyən kodlaşma əsasında qurulmuş bəzi saytlar Azərbaycan dilini dəstəkləmir. Bəziləri Azərbaycan əlifbasını istifadə etməmək üçün məhz bunu bəhanə edirlər. Lakin burda qeyd etmək lazımdır ki, Azərbaycan dilində nəzərdə tutulmuş saytlar adətən Azərbaycan dilini dəstəkləyən kodlaşma (UTF-8) üzərində qurulurlar. Buna görə bu bəhanələr yersizdir. Digər dillər üçün nəzərdə tutulmuş layihələrdə isə Azərbaycan dilində fəaliyyət göstərməyə cəhd etmək məncə ağıllı iş deyil. Lakin, iş yalnız bunda da deyil, fikir versəniz Azərbaycan dilini dəstəkləyən və Azərbaycan əlifbasına uyğun olan şriftlərdən istifadə edən layihələrdə də ingilis əlifbasını tətbiq edib azərbaycanca yazanlar (xatırladım ki, söhbət forumçu, bloqçu və şərhçilərdən gedir) çoxluq təşkil edir.

 

Bu kodlaşma məsələsi öz mənfi təsirini ən çox e-poçt xidmətində göstərirdi, lakin indi bildiyimə görə bir çox e-poçt xidmətlərini göstərən layihələr bu problemi aradan qaldırıblar. Hazırda müxtəlif çat proqramlarında (MSN, M-Agent və s.) da səlis Azərbaycan dilində və əlifbamızın bütün hərflərini əks etdirən messajlar yazıb, göndərmək mümkündür. Lakin bizim istifadəçilər hələ də keçmişdə yaşamağı daha üstün tuturlar, bu yeniliklərdən yararlanmaq istəmirlər və onları özləri üçün narahatçılıq hesab edirlər. Halbuki, bu yazarların ingilis əlifbasıyla azərbaycanca yazılmış şərhlərini oxumaq da heç də rahat deyil.

 

Politoloq İlqar Məmmədov öz bloqunda şərhçilərə, bu qaydada şərh yazmağı qadağan edib. Onun bloqundakı elanda deyilir: “Yanvarın 5-dən etibarən, bu jurnalda Azərbaycan dilində şərh qoymaq istəyənlər yalnız Azərbaycan əlifbasından istifadə etsinlər. İndinin kompüter sistemləri buna tamamilə asan şəkildə imkan verir deyə, heç bir bəhanə qəbul deyil. Azərbaycan dilində olan, amma başqa əlifba ilə yazılan şərhlər pozulacaqdır”.

 

Qadağalarla nəyinsə düzələ biləcəyinə inanmırdım, lakin, İlqar Məmmədovun metodu onun bloqunda işlədi – bütün şərhçilər düzgün yazmağı başladılar. Yəqin ki, həqiqətən də, bizi nəsə yaxşı bir şeyə öyrəşdirmək üçün gərək çubuq altından keçirəsən. Bunlara baxmayaraq mən qadağan etmirəm, bloqumun oxucularından və şərhçilərindən sadəcə xahiş edirəm – şərh yazanda çalışın əlifbamızı düzgün istifadə edin.


Yazını "XəbərNamə"yə göndər! Şərhlər(40)
1034 dəfə oxunub
bölmə: İnternet, Müxtəlif
açar sözlər: əlifba azərbaycan dil forum bloq 

1
Makla yazıb:

Bu haqda 7-8 ilə yaxındır səksənbeşmin dəfə mövzü açmışam forumlarda, bloglarda yazmışam xeyri yoxdur.

Mütəq biri çıxıb deyəcək ki: "kimə necə rahatdır elə də yazsın".

Yanvar 27, 2009 11:25
2
Ayten yazıb:

Ramin mən həmişə calışmışam ki azərbaycan şirftləri ilə yazım və yazıramda.Amma məni maraqlandıram bir şey var mən öz kompyuturumda az şiriftləri ilə yazıram amma göndərdiyim adresdə həmişə qarışıq düşür ona görə də həmişə mənə deyirlər ki şirifti ingilis dilinə qoyum.Bəs bu nə ilə əlaqədər di?

Yanvar 27, 2009 16:04
3
Həsənəlizadə Ramin yazıb:

Salam dostlar!

Bilirsinizmi Makla, belə deyən insanları mən “psevdodemokrat” adlandırıram. Ümumiyyətlə, Azərbaycanda xalq arasında belə bir yanlış düşüncə gəzir ki, demokratiya – “hamı istədiyi şeyi istədiyi kimi edə bilər” deməkdir, halbuki bu anarxiyadır.
Burdan da belə düşüncə – “kimə necə rahatdır belə də yazsın”. Amma, belə deyil axı. İndi ki, danışdığımız dil Azərbaycan dilidirsə, yazmaq üçün də hamı bu dilin qəbul olunmuş əlifbasını istifadə etməlidir. Əlifba dilin ayrılmaz hissəsidir, əgər forumun qaydalarında deyilibsə ki, şərhlər Azərbaycan dilində yazılmalıdır (və ya heç də deyilməyib – sadəcə forum və ya digər layihə Azərbaycan dilli layihədirsə və burda ünsiyyət Azərbaycan dilində baş verirsə), bu yalnız və yalnız deməkdir ki, şərhlər Azərbaycan əlifbası ilə azərbaycanca yazılmalıdır. Əks halda, mən sabah – “mənim üçün ərəb qrafikasıyla və ya Çin heroqlifləriylə azərbaycanca yazmaq daha rahatdır və mənə heç kim bunu qadağan edə bilməz” deyə Mak.az-da və ya Day.az-da belə yazmağı başlayım... Lakin, mən 100% əminəm ki qadağan edəcəklər.
Latın əlifbası bizim indiki əlifbanın əsasında olsa da, azərbaycanca yazanda onu tətbiq etmək qəbul olunmazdır, necə ki digər əlifbaları.

Aytən, bu onunla əlaqədardır ki, ya sən, ya da göndərdiyin ünvan sahibi Azərbaycan dilli xidmətlərdən istifadə etmirsiniz. Hətta, böyük ehtimalla deyə bilərəm ki, istifadə olunan e-poçt xidməti rus dillidir. Azərbaycan dilli (box.az və digər) və bəzi beynəlxalq (hotmail.com və digər) e-poçt xidmətlərində messajların düzgün əks olunması ilə bağlı problemlər mövcud deyil. Buna görə də, gələn dəfə sənə kimsə desə ki, ingilis əlifbası ilə yaz, sən deyə bilərsən – yox, sən Azərbaycan dilli poçt aç!

Yanvar 27, 2009 19:40
4
Vüsal yazıb:

Ramin çəkinmə qadağan elə.

Hamısı təmbəllikdəndi. Əvvəllər IE-də Arial və Times kimi geniş işlək şriftlərdən başqa bütün şriftlərdəki Ə kubik kimi görünürdü, qınamırdım.

Artıq texnologiya da imkan verir. Biz `Ə` hərfiylə fəxr eləməliyik e. Cənab Həsənəlizadəyə hörmətlər!
Ramin bilir kimi və nəyi nəzərdə tuturamsmile

Yanvar 28, 2009 0:07
5
Samir yazıb:

Adətdən başqa bunun səbəbinin biri də klaviaturanın bir az narahat olmasıdır. Məncə əsas problem "ə" hərfinin yeridir. Mən uzun müddətdir "ə" hərfi ilə "j" hərfinin yerlərini dəyişmişəm və yazmaq çox rahatlaşıb. (Qeyd edim ki, Azərbaycan dilində tezliyinə görə ən çox işlənən hərf "ə" hərfi, ən az işlənən isə "j" hərfidir). Sizə də məsləhət görürəm. AzeriKeyboard proqramı ilə bunu asanlıqla edə bilərsiniz:
http://www.unicode.az/az/azkeyboard_nt.htm

Yanvar 28, 2009 11:30
6
Həsənəlizadə Ramin yazıb:

Çox sağ ol Vüsal!)))

Yox Vüsal, hələ ki qadağan etmirəm, oxucularıma şans verirəm. Amma görsəm ki, xeyiri yoxdur, o zaman bloqumda bu cür qadağanın olmasını istisna etmirəm.
Gəlin bəlkə bloqlarda “Düzgün yaz!” aksiyası keçirək? Aksiyaya qoşulan bloqçular, İlqar Məmmədov kimi düzgün yazılmayan şərhləri silsinlər və bunu elan etmək üçün bir gün təyin edib hamımız birdən bu haqda yazı yazaq. Digər bloqçuları da şərh vasitəsiylə cəlb etmək olar. Aksiya keçirək, görək nə olur.. Necə fikirdir?

Səninlə razıyam hamsı tənbəllikdəndir. Samirin dediyi ə hərfinin yeri isə məncə əsas problem deyil.
Samir, razıyam ki, Windows-un indiki Azərbaycan dilli klaviatur düzümü olduqca narahat və düşünmədən tərtib olunmuş klaviatur düzümüdür, lakin peşəkar mürəttib (mətn yığan) olmayanlar (xüsusiylə də bir baramaqla yazanlar) onun və rahat klaviatur düzümlərinin fərqini elə də hiss etməzlər, məncə narahat klaviatura da öyrəşmək olar, öyrəşib kor-koranə yazanda, artıq hansı hərfin harda olmasının elə də əhəmiyyəti olmur. Klaviatur düzümünün rahatlığı əsas deyil, özünüz fikirləşin, Azərbaycan dilli klaviatur düzümünü aktivləşdirməyi tənbəllik edənlər dediyiniz o proqramı yükləyib onu istifadə etməyi tənbəllik etməzlərmi? Məncə əsas səbəb beyinlərdədir.))) Hər halda məsləhətinizə görə sizə təşəkkür edirəm!

Sözardı: Samir, siz Azərbaycan dilli klaviatur düzümünə w hərfinin əlavə olunmasına necə baxırsınız? Bu, latın əlifbasının yeganə hərfidir ki əlifbamıza daxıl olmayıb. İndiki reallıqda (qloballaşma, filan..) azərbaycanca yazsaq da, o hərfdən də, nə qədər olmasa da, istifadə olunur, həm də o hərf əlavə olunsa ingilis dilli klaviatur düzümündə heç ehtiyac olmaz.

Yanvar 28, 2009 16:59
7
Ruzigarım yazıb:

Ramin, bu məqaləni oxuyan istifadəçılər artıq utandıqlarından sənin bloqundan yalnız azərbaycan şriftlərindən istifadə edəcəklər.
Bu yazının şərhlərində isə xüsusilə grin
Mənim fikrim- çalışıram Azərbaycan şriftləri ilə yazım, çünki
1. bu imkan verir ki, google-da axtarışlarda sayt daha çox tapılsın. Yəqin nəyi nəzərdə tutduğumu anlayırsan.
2. Həm də bu blogu və yazını daha səliqəli göstərir.
3. sözlərin oxunmasında problem yaratmır və yanlış anlaşılmalara yol vermir.
4. Həm də əlim klaviaturada Azərbaycan şriftlərinə çox öyrəşib, ingilis şriftlərində çaşıram.
5.Və əlbəttə ki, əlifbaya hörmət məsələsi.

Yanvar 29, 2009 1:18
8
Ruzigarım yazıb:

Ramin, bax o w hərfi doğurdan da mənim problemimdir- çox əla fikirdir. 10 əllə dəstəkləyirəm smile
Qaldı ki, aksiyaya- Mən hazır. Amma deyin nə zamandan başlayaq və bunu necə edək.
Yəqin bu barədə yazı qoysaq əla olar. Amma inan ki, bu tibbi saytda yazılan şərhlərə görə o qədər problemlərim olub ki, anlamışam ki, bir çox şeylərdə səliqə-səhman yaratmaq nəhəng bir problemdir. Mən orada hətta istifadəçilərin müvafiq bölmədə müvafiq sual verməsinə belə nail ola bilmirəm cry
Amma əlbəttə ki, bloqa girib şərh yazanlar hər zaman eyni-eyni adamlar olduqda, nadir hallarda yeni birisi peyda olduqda bunu etmək asandır.

Yanvar 29, 2009 1:26
9
Samir yazıb:

"w" hərfini əlavə etmək olar. Mən elə həmin AzeriKeyboard proqramı ilə (http://www.unicode.az/az/azkeyboard_nt.htm) Esc düyməsinin altındakı düyməni "w" ilə əvəz etmişəm. Bu halda həmişə olmasa da, çox hallarda iingilis klaviaturasına ehtiyac qalmayacaq.

Yanvar 30, 2009 11:27
10
Ana Panda yazıb:

"ə" herfine sahib çıxma ve qoruma kampaniyası... hımmm smile

"Kəlbəcər" in - "ə"si...

Yanvar 30, 2009 12:29
11
Həsənəlizadə Ramin yazıb:

Hə Ruzigarım, məqsədim elə o idi.))))
Qeyd etdiyin, səbəblərlə də tamamilə razıyam.
Aksiya keçirmək üçün gərək heç olmasa bir neçə nəfər iştirak etsin... Hələ ki biz ikimizik. İki bloqdan aksiya alınmaz... Yoxsa biz başlayaq sonra başqaları da qoşularlar, hə?
Yeri gəlmişkən Ana Pandanın nə demək istədiyini anlamadım...

W hərfini isə demə əlavə etmək olarmış. Ruzigarım, Samirin dediyi proqramı yükləyib faydalana bilərsən. Samir, məlumata görə bir daha təşəkkürlər! Deyəsən həmən proqram vasitəsiylə klaviatur düzümünü istədiyin kimi dəyişə bilərsən, eləmi? Yaxşı proqrama oxşayır...

Fikrimcə, düyməli klaviaturlar dövrü uzun sürməyəcək, yaxın gələcəkdə Artemiy Lebedevin yaratdığı, Optimus Taktus adlı klaviatur konseptinə bənzər qurğular indiki klaviaturları əvəz edəcəklər. O zaman klaviatur düzümündə olan hərf və işarələrin sayı klaviaturda olan düymələrin sayından asılı olmayacaq, və ən çox istifadə etdiyimiz bütün hərf və işarələri bir düzümdə və istədiyimiz şəkildə yerləşdirmək problem olmayacaq.

Yanvar 30, 2009 16:49
12
Həsənəlizadə Ramin yazıb:

Samir, yüklədim dediyiniz proqramı. Kompüterimdə Azərbaycan dilli klaviatur düzümünə w hərfini və @ işarəsini əlavə etdim. Çox məmnunam. Sizə bir daha təşəkkür edirəm!

O proqramın Windows Vista və gələcəkdə də Windows Seven üçün də versiyaları olsa lap əla olar.. Bu barədə təsadüfən məlumatınız yoxdur?

Yanvar 30, 2009 23:45
13
Məhin yazıb:

Dəstəkləməyə və aksiyaya qoşulmağa mən də hazıram. Bunu isbatlamaq üçün bu gündən hər yerdə Mehin yox, Məhin yazıram.
Ramin, bloqun embleminin niyə Ə olmasını da deyəsən indi anladım.

Fevral 1, 2009 9:56
14
Şəbnəm yazıb:

Məhin axı Mehin qəşəngdir smile Qoy "MəhinBanu"-dan yox, "meh" sözündən götürülmüş olsun da sənin adın..
İncimə haaa, mənə fikir vermə, əsas sənin ürəyindir. Həm də nə fərqi ki ad hansı hərflədir..Danışıram daa boş-boş..

Fevral 1, 2009 19:11
15
Mehin yazıb:

Ramin, dəstək və aksiya qoşulmaq qüvvəsində qalır. Ama, üzrlü say, Mehini qaytardım geri. smile

Fevral 1, 2009 19:43
16
Həsənəlizadə Ramin yazıb:

Mehin (Məhin), adınızın düzgün yazılışı necədirsə elə də yazın.)))
Aksiyanı dəstəklədiyini üçün təşəkkür edirəm. Bir neçə bloqçu da yığılsa əməlli-başlı aksiya alınar.))) Aksiyanın başlayanğıcı təyəin olunanda sizə də mütləq xəbər edəcəyik.

Fevral 2, 2009 11:01
17
Samir yazıb:

AzeriKeyboardNT proqramını Vista-da işlətmişəm, normal işləyir. XP-dəkindən fərqi bircə ondadır ki, Administrator kimi icra etmək lazımdır (Run As Administrator).

Fevral 2, 2009 15:21
18
Samir yazıb:

AzeriKeyboard proqramı ilə klaviatura düzümünü istədiyiniz kimi dəyişdirə bilərsiniz. Amma, mən standartdan çox kənara çıxmağı tövsiyə etmirəm. Məncə "ə" və "j" hərflərinin yerini dəyişdirmək, "w" hərfini və bəzi simvolları ("@", apostrof kimi) əlavə etmək kifayətdir.

Fevral 2, 2009 15:24
19
Alik yazıb:

Düz söhbətdir. Azərbaycanca yazmaq lazımdır. Klavyaturanın yeri də məncə problem deyil. Sadəcə təmbəllikdəndir çoxu. Biraz vərdiş etsən Azərbaycanca yazmaq çox rahat olacaq

Fevral 2, 2009 17:25
20
Həsənəlizadə Ramin yazıb:

Aydındır, Samir, çox sağ olun!

Alik, bloqumda sizi xoş gördük! Dəstək verdiyinizə görə minnətdaram!

Fevral 2, 2009 19:38
21
Vuq@r yazıb:

Salam Ramin ..."Ən maraqlı" plugin deyil ...Qabaqkı yazılar bolumune verdiyim addir ...Mence ən maraqlilar plugin azeriblogda islemir...

Fevral 3, 2009 22:13
22
Həsənəlizadə Ramin yazıb:

Həə, başa düşdüm, çox sağ ol Vüqar! ))

Fevral 3, 2009 22:30
23
Vuq@r yazıb:

Bir sey deyil smile ...

Fevral 3, 2009 22:35
24
Laborant yazıb:

Məncə bu məsələni hamının vicdanına ötürmək lazımdır. Kim isteyir bele yazsin, kim də istəyir belə yazsın. Bu tamamilə vicdandan asılı olan bir məsələdir. Mən yazı yazarkən çox az hallarda klaviaturaya baxıram, yəni baxmadan yazıram, unikod hərflərini yazanda isə məcbur qalıb baxıram, ona görə ki, adət etmədiyim yerlərdədir. Mənim üçün sürət dəqiqlikdən üstün olduqda bəli unikod istifadə etmirəm, ancaq əksi olduqda istifadə edirəm...

Fevral 5, 2009 14:27
25
Həsənəlizadə Ramin yazıb:

Salam Laborant!
Bloquma xoş gəlmisiniz. Fikrinizi bölüşdüyünüz üçün təşəkkür edirəm, lakin sizinlə razılaşa bilmərəm.
Gəlin əlifba, klaviaturu qoyaq qırağa bir misala baxaq. Məsələn, təsəvvür edək ki, dediyiniz prinsip yol hərəkət qaydalarında istifadə olunsun – kim istəyirsə maşını qırmızı işığa sürsün, kim də istəyir yaşıla... Sizcə bu necə olar? Bu yollarda kütləvi miqdarda qəza və ölüm ilə nəticələnəcək. Hər şeydə belə olsa, bu təsəvvüredilməz xaosa çevrilər. Sizin dediyiniz kimidirsə gəlin qayda qanuna baxmayaq, hər şeyi hamının vicdanına ötürək. Azərbaycanda bəlkə də buna görə qayda-qanuna riaət edən yoxdur, çünki hamı düşünür ki, kim necə istəyir elə etsin.
İndi yazı yazmaq barəsində. Dilin, əlifbanın da istifadə qaydası var. Siz yalnız özünüz üçün yazırsınızsa, məsələn şəxsi qeydlər edirsiniz, onda hə – razıyam, necə istəyirsiniz, necə rahatdırsa elə də yazın, amma digər oxucular üçün yazırsınızsa onda onları da düşünməlisiniz. Yalnız öz rahatlığınızı düşünməyin, eqoistlikdən keçib, adət etmədiyiniz yerdə olan hərflərə öyrəşib düzgün yazın. Hamımız yalnız özümüzü düşünməkdən, eqoistlikdən əl çəkə bilsək, onda cəmiyyətimizdə müsbət dəyişikliklər ola bilər.

Fevral 5, 2009 16:20
26
Samir yazıb:

Laborant,
10 barmaqla Azərbaycanca yazmağa "ə" və "j" hərflərinin yerini dəyişmək çox kömək edir. Belə halda kiçik bir vaxt ərzində öyrəşəndən sonra Azərbaycan klaviaturasından İngiliscədə olduğu rahatlıqla istifadə edəcəksiniz.
AzeriKeyboard proqramı ilə bunu asanlıqla edə bilərsiniz:
http://www.unicode.az/az/azkeyboard_nt.htm

Fevral 5, 2009 17:13
27
Ruzigarım yazıb:

Laborantla razı deyiləm, əvvəla Ramin dediyi xaos məsələsinə görə(şəxsən mən sevmirəm mənim blogumda kimsə düzgün əlifba ilə yazmayanda), ikincisi də ki, əlləri latın əlifbasına öyrəşmiş bir üçün Azıri latınına öyrəşmək çox az, mən deyərdim minimal vaxt aparır.

Fevral 5, 2009 18:47
28
Ruzigarım yazıb:

Ramin, blogumda mən də bu barədə yazı qoymaq istəyirəm. Sadəcə atamın müdafiə işi ilə əlaqədar olaraq kompüterə növbəyə durmaq lazım gəlir. grin

Fevral 5, 2009 18:50
29
Həsənəlizadə Ramin yazıb:

Ruzigarım, hələ ki tələsmə. Artıq bir neçə nəfər aksiyamıza qoşulacağını bildirib. Mehin, Şəbnəm, sən və mən, ola bilsin yenə də qoşulmaq istəyənlər olacaq.
Sən yazını hazırla amma hələ ki bloqa yerləşdirmə. Mən də aksiyanın şərt və qaydalarını hazırlayım. Sonra qoşulmaq istəyənlərə xəbər edərik və hamımız bir gündə yazı qoyub aksiyaya başlayarıq.

Fevral 6, 2009 13:31
30

Hər kəsi salamlayıram. Raminin toxunduğu məsələ neçə vaxtdır məni düşündürür. Sadəcə nə və necə etmək haqqında tərəddüddə idim. Ancaq ortaq fikirli insanların sayının çox olması məni sevindirir.
Əvvəla, Raminə təşəkkür edirəm, bu mövzuya toxunduğu üçün. Bütün şərh yazanlar demək olar ki, bu məsələnin nə qədər ciddi olduğunu başa düşür. Biz nə qədər tez bu məsələni aktuallaşdırsaq və nə qədər tez aksiyaya başlasaq, sizi əmin edirəm ki, dilimizin internetdə ömrünü bir o qədər uzatmış olacağıq. Düşünürəm ki, internet yazışmalarda Azərbaycan dilinin qayda-qanunlarına riayət edilməməsi gələcəkdə dilimizin dünya dilləri arasından silinməsi kimi acı faktla bizi üz-üzə qoya bilər. Bu bir həyəcan siqnalıdır. Ona görə də bütün internet istifadəçilərindən dilimizi qorumağı, ona biganə yanaşmamağı xahiş edirəm.
Gələk aksiya məsələsinə. Hamınızın bildiyi kimi, 21 fevral - Ana dili günüdür. Mən təklif edirəm ki, aksiya məhz həmin gündən etibarən başlasın və internetdə geniş şəkildə həyata keçirilsin. Bloqu olan bloqda, olmayan mail-qruplarda, sosial şəbəkələrdə - kimin harda imkanı varsa bu məsələ ilə bağlı ortaq fikrimizi diqqətə çatdırsın.
Mən təklif edirəm ki, Raminin bu yazısından istifadə edərək ümumi bir bəyanat hazırlansın. Elə bunu Ramin özü hazırlasa daha yaxşı olar. Yekun varianta mən də baxıb öz fikirlərimi əlavə edərəm. Bu bəyanatı 21 fevral tarixində bütün mail-qruplarda və sosial şəbəkələrdə yaymaqla aksiyaya başlamaq olar. Fikrimi dəstəkləyənlər olacaq yəqin ki.

Hər kəsə hörmətlə,

Mayis

Fevral 6, 2009 17:13
31
Həsənəlizadə Ramin yazıb:

Salam Mayis! Dəstəyinə görə çox sağ ol! Mən də öz növbəmdə sənin təklifini ikiəlli dəstəkləyir və aksiyaya hazırlaşmağa başlayıram. Səninlə e-mail və ya MSN vasitəsi ilə əlaqə saxlayacağam..
Bir daha təşəkkürlər!

Fevral 8, 2009 3:17
32
Turalfot yazıb:

Salam Ramin.
Axır ki, imtahanlardan sonra sənin də bloguna baş çəkdim.

Deməli belə, boynuma alıram ki, hal-hazırda bu şərhi sadəcə bu mövzu haqda danışdığımız üçün Azərbaycan şriftləri ilə yazıram. Açığı, mən bizim şriftlə yazanda bir az çətinlik çəkirəm, yəni nisbətən. Deyim niyə:
Mən yazanda həmişə çalışıram qrammatik normalar riayət eliyim, ona görə tez-tez defis, iki nöqtə, apostrofdan(xüsusi sözlərdə şəkilçini sözün kökündən ayırmaqçün) istifadə edirəm. Azərbaycan şriftlərində yazanda bu simvollar yazı sürətimi azaldır, ya da məcbur olub tez-tez şrifti dəyişməli oluram. dial-up'la işlədiyimdən internetdə hər dəqiqə mənimçün vacibdi, cünki hər an internet əlaqəsi kəsilə bilər. Amma blogumn məqalələrini əvvəlcə can rahatlığı ilə word'də yazıram. Yəni bu səbəblərə görə şərhlərdə sən dediyin əvəzləmələrdən istifadə edirəm. Məncə sənin vurğuladığın cəhətdən çox transliterasiyaya etiraz eləmək lazımdı, yəni ş yerinə 6, ç yerinə 4, yaxud yenə də ş yerinə w işlədilməsinə.

Hələki məndən bu qədər.

Yarı yalan yarı gerçək!!!

Fevral 10, 2009 23:28
33
Həsənəlizadə Ramin yazıb:

Salam Turalfot!
Xoş gəldin.)) İnşallah imtahanlarını müsbət nəticələrlə verə bilmisən.

Deməli belə, sənə xəbərdarlıq edirəm ki aksiyamız başlayandan sonra sənin və eləcə də digər şərhçilərin azərbaycanca olan, lakin Azərbaycan əlifbasıyla yazılmamış şərhləri silinəcəkdir. Deyim niyə: Qaydanı pozan hər kəsin, qaydanı pozmaq üçün öz səbəbləri var ki, o da bununla özünə bəraət qazandırmağı çalışır. Qayda hamı üçün eynidir, ona hamı əməl etməlidir və onu pozanlar üçün heç bir bəhanə bəraət qazandıra bilməz. )))

O ki qaldı transliterasiyaya, ş əvəzinə w və ç əvəzinə ch da elə transliterasiya adlanır. Bizim dillə desək hərflərin əvəz olunması. Transliterasiyaya onda bəraət qazandırmaq olar ki, məsələn, telefonda sms yazanda messajda standart latın əlifbasına girməyən hərflər işlənsə, onlar bir neçə simvol kimi hesab olunur, o zaman messaj çox vaxt uzun alınır, bir sms-ə sığmır və biz artıq pul verməli oluruq. Ümumiyyətlə şəxsi yazışmada necə istəyirik elə də yazırıq, istəsək lap hunn əlifbasıyla, təki bizi başa düşsünlər, lakin açıq yazışmada bu qəbulolunmazdır.

Sözardı: Azərbaycan dilinin qrammatik normaları, bildiyimə görə, hal-hazırda apostrofun işlənməsini tələb etmir. Azərbaycan dilində xüsusi süzlərdə şəkilçini sözün kökündən ayırmaq üçün defis istifadə olunur. Apostrof isə bu məqsədlə səhv etmirəmsə Türkiyədə işlənir.

Fevral 11, 2009 15:58
34
Turalfot yazıb:

apostrofa bir əlavə edim ki, düzdü, Türkiyədə mən dediyim səbəbə görə istifadə olunur, bizim qramatikada həmin səbəbə görə defis işlənmir yüz faiz. Amma mən rahat anlaşılsın deyə istifadə edirəm apostrofu.

Bir də ki, ş əvəzinə 6-nın, ç əvəzinə 4-ün işlədilmasi müvafiq olaraq sh və ch-nın işlədilməsindən daha iyrənc görsənir. Yarı yalan yarı gerçək

Fevral 11, 2009 18:31
35
Həsənəlizadə Ramin yazıb:

Turalfot, hərə özündən bir qayda uydursa bu onda nə olar? Gəlin Azərbaycan dili kitabını açaq və baxaq. Orda necə yazılıbsa elə də edək dəə, ya da heç olmasa əməl etməyi çalışaq..

Fevral 11, 2009 21:59
36
Turalfot yazıb:

Yox Ramin, mən qayda uydurmuram. Türkiyəlilər apostrofdan təkcə xüsusi sözlərdə yox ümumi sözlərdə də istifadə eliyirlər. Məncə, əsas odu ki, yazanda Azərbaycanca yazılsın, yəni UJE,FSYO və sş bu kimi sözlərdən istifadə olunmasın

Fevral 13, 2009 19:14
37
asif eminov yazıb:

Belə olduqda Aznet də inet aləmində öz yerini tapar və yaxşı olar ki, axtarış sistemində də azəri latın əlifbası ilə sözləri yazıb axtaraq.

Fevral 23, 2009 1:58
38
Həsənəlizadə Ramin yazıb:

Bəli Asif hazırda eyni sözü hərə bir cürə yazır, bəzən bloqlarda forumlarda maraqlı fikirlər yazılır, faydalı məlumatlar olur, amma necə gəldi yazıldığına görə onları tapmaq çətin olur bəzən. Hamı yazı qaydasına riayət etsə onda İnternetdə məlumat axtarmaq daha asan olar..))

Fevral 23, 2009 20:38
39
asif eminov yazıb:

İnanıram ki, hər şey yaxşı olacaq. smile

Fevral 24, 2009 0:13
40
Həsənəlizadə Ramin yazıb:

Mən də. smile

Fevral 27, 2009 19:41

Şərh yazın

Diqqət!!! Fevralın 21-dən etibarən, bu bloqda Azərbaycan dilində şərh yazarkən, Azərbaycan əlifbasından başqa, digər əlifbaları tətbiq etmək və əlifbamızda olan ç, ə, ğ, İ, ı, ö, ş, ü hərflərini digər hərf və işarələrlə əvəz etmək qadağandır. Bu qaydaya uyğun olmayan şərhlər silinəcəkdir.

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com