Çağırış!
Fevral 14, 2009 0:31Həsənəlizadə Ramin
Hörmətli oxucular! Keçən dəfəki yazılarımdan birini müzakirə edəndə, bir neçə bloqçularla qərara gəldik ki, fevralın 21-də Ana dili gününə həsr olunmuş aksiyaya başlayaq. Aksiyamızın adı “Düzgün yaz!” olacaq. Bu aksiya ilə biz, Azərbaycan İnternet istifadəçilərinin diqqətini, fikrimizcə vacib bir məsələyə – İnternet yazışmalarında, şərhlərdə, forumlarda, bloqlarda və digər saytlarda Azərbaycan dilinin qayda-qanunlarına riayət edilməməsinə – cəlb etmək istəyirik. Bizi ən çox narahat edən fakt odur ki, istifadəçilər Azərbaycan dilində yazsalar da əlifbamızın ç, ə, ğ, İ, ı, ö, ş, ü hərflərini digər hərf və işarələrlə əvəz edərək, Azərbaycan əlifbasından düzgün şəkildə istifadə etmirlər, bəzən isə, rus-kiril qrafikasından istifadə edirlər. Bütün bunlar, oxunma, anlaşılma və lazımi məlumatların axtarılıb-tapılmasında çətinliklər yaradaraq, İnternet məkanında dilimizin və ümumiyyətlə AzNET-in inkişafına maneələr törədir. Buna görə biz – aksiyada iştirak edən bloqçular – bütün yazılarımızda Azərbaycan dilinin qayda-qanunlarına riayət etməyi borc bilir və bloqumuzda şərh yazmaq üçün qayda qoyuruq: Azərbaycan dilində şərh yazarkən, Azərbaycan əlifbasından başqa, digər əlifbaları tətbiq etməyi və əlifbamızda olan ç, ə, ğ, İ, ı, ö, ş, ü hərflərini digər hərf və işarələrlə əvəz etməyi qadağan edirik. Bu qaydaya uyğun olmayan şərhlər bloqumuzdan silinəcəkdir. Biz, başqa bloqçuları, sayt administratorlarını və redaktorlarını, şərhçiləri və oxucuları, dilimizin gələcəyinə laqeyd qalmayan bütün insanları da bizə qoşulmağa çağırırıq. Gəlin birlikdə, fevral ayının 21-i – Ana dili günü – çalışaq ki, bu məsələyə mümkün qədər çox diqqət cəlb edək və həmişə, hər yerdə dilimizin qaydalarına riayət edib onu düzgün yazaq!
Aksiyada iştirak etmək üçün yuxarıda qeyd olunan qaydalara əməl etməli və fevralın 21 aksiya barəsində yazı yazıb, bloqunuzda dərc etməli olacaqsınız. İştirak etmək istəyən şərh vasitəsi ilə bildirsin.
842 dəfə oxunub
bölmə: Müxtəlif
açar sözlər: azərbaycan dil əlifba aksiya





Gecəniz xeyir, Ramin.
Fevral 14, 2009 0:42Aksiyaya qatılan bloqçu kimi ətraflı məlumatı bilmirdim necə öyrənim.
İndi gedim hazırlığa davam etməyə.