Xarıbülbül haqqında
Noyabr 12, 2008 22:12Həsənəlizadə Ramin
Xarıbülbül. Bu çiçək haqqında yəqin ki hamımız eşitmişik və bu təbiidir, çünki, bu gözəl çiçək Vətənimiz Azərbaycanın, Qarabağın, Şuşanın diri rəmzidir. Bəli, hamımız eşitmişik, lakin adından başqa, bu gül haqqında nə bilirik? Deyilənə görə bu gül yalnız Şuşada bitir. Lakin, mən onun Laçında, Gədəbəydə, Xızı dağlarında da bitdiyini eşitmişəm, Şamaxı rayonunun Pirqulu qəsəbəsində isə onu öz gözümlə görmüşəm. Onda Xarıbülbülü ilk dəfə idi ki görürdüm. O zaman mənə bu gül haqqında gözəl bir əfsanə danışdılar:
“Biri varmış biri yoxmuş, bir dənə bülbül varmış. Bu bülbül bir gülə aşiq olubmuş. O gülü sevir, onun başına dolanır, onun üçün cəh-cəh vurur və onu qoruyurmuş. Günlərin bir günündə bir arı gülü görür və onun şirəsini dadmaq istəyir. Həmən an bülbül arının gülə doğru uçmağını görüb, sinəsini qabağa verib, tez arının qarşısını kəsir. Onlar havada toqquşurlar və arı bülbülü sancır. Lakin bülbül ölmür, onun sevgisi və cəsarəti onu, sancdığı arıyla birlikdə başqa bir gülə – Xarıbülbülə döndərir”.
116 dəfə oxunub
bölmə: Müxtəlif






