Qurani-Kərimin “Bəqərə” surəsinin 181 – 185-ci ayələrində orucluq haqqında belə deyilir: “Ey iman gətirənlər! Oruc sizdən əvvəlki nəsillər üçün vacib olduğu kimi, sizin üçün də vacib buyrulub. Bu müəyyən günlərdir… O kəslər ki, xəstə və ya səfərdə olarlar, onlar oruclarını yesinlər, orucluqdan sonar qəza edərlər.”
Gəldi mübarək Ramazan ayı. Artıq iki gündür ki, Ramazan ayı qədəm qoyub. Şükrlər olsun ki, bu günə də sağ-salamat gəldim çıxdım. Allahdan hər kim ki oruc tutur orucunu qəbul etməsini diləyirəm. Oruc İslam dininin əsaslarından biridir və insan ruhunun paklığı üçün vacib buyrulub. Bəzi insanlar bunu başqa cürə alqılayır. Məsələn dəfələrlə belə sözlərin şahidi olmuşam: “Oruc tutacağam bəlkə arıqlayam” və yaxud da niyyət edirlər və etdikləri niyyətin orucunu ramazan ayının orucu hesab edərək o vaxta saxlayır və bu niyyətlə oruc tuturlar. Bunlar yalnış əməllərdir. Ramazan ayında tutulan oruc Allahın vacib olan əmrlərindən biridir ki, bunun, insanların şəxsi niyyətlərinə heç bir aidiyyatı yoxdur. Düzdür, oruc ruhu, canı təmizləyir, amma, bu o demək deyil ki, insan canının təmizlənməsi, sağlamlığının yaxşılaşması, çəkisinin azalması düşüncəsi ilə oruc tutmalıdır. Əsla yox. Bu və ya digər niyyətlərlə ilin digər istənilən ayında oruc tutmaq olar.
Ramazan ayının orucu isə Allahın əmrinə səbrlə, sevgi ilə itaət etmək deməkdir və bu da onsuzda öz-özlüyündə ruhu təmizləyir, insanı bəzi əməllərdən qoruyur. Allah bəndələrini sevəndir və orucu da faydalı qılaraq bəndələrinə vacib buyurub.
Bəzən çətin ola bilər. Əsasən də yay vaxtları. Həm də burda, yəni, Sankt-Peterburqda, bəyaz gecələr vaxtına düşərsə əgər. Yəni gündüz uzun olan bir müddətdə oruc tutmaq bəzi insanlara çətin gələ bilər. Və bu zaman insan səbr edir, Allaha olan sevgisi qarşısında bir müddət aclığa, susuzluğa tab gətirir. Bəzi əməllərdən çəkinir. Allaha daha tez-tez dua edir, hansı ki Uca Yaradanımız o duaları eşidir və bəndəsini hədiyyəsiz qoymayacaq. İnsan səbr etməyi, özünü idarə etməyi öyrənir.
Bəzən bəziləri oruc tutmurlar ki, buna səbəb namaz qılmadıqlarıdır. Amma, oruc və namaz hər biri vacib olan ayrı ibadətlərdir. Oruc da bəndənin borcudur, namaz da. Hər ikisi ayrı-ayrılıqda. Namaz qılmasan da oruc tutulmalısan. Allah qəbul edər, inşallah.
İstəyirəm iftar duasını yazam. Bəzən bəzi duaları bilməyənlər çətinlik çəkirlər. Əgər belədirsə, sadəcə olaraq əllərinizi açın, Allaha üz tutun və Ona öz sözlərinizlə səmimi qəlbdən dua edin. Ona şükr edin, Ondan ibadətinizin, orucunuzun qəbul olunmasını diləyin. İnanın ki, Allah hər şeyi eşidəndir, görəndir, biləndir.
İftar duası
Allahummə ləkə sumtu bə əla rizqikə əftərtu və əleykə təvəkkəltu innəkə əntəssəmiul əli ya vasiəl məğfirəti iğfirli.
Azərbaycan dilində: İlahi sənə görə oruc tutdum, sənin razılığını əldə edəm. Sənin verdiyin ruzi ilə iftar edirəm. Səni özümə hər işimdə vəkil bilirəm, pənah bilirəm. Həqiqətən sən eşidənsə duaları, bilənsən sirləri, əməlləri, xəbərləri. Ey bağışlamaqda vüsətli Allah, bağışla məni!
Allah ibadətimizi, orucumuzu qəbul etsin!!!