“QIZIL ALMA” FESTİVALI BAŞA ÇATDI
Güney Azərbaycan şairlərinin iştirak etdiyi “Qızıl Alma” sərbəst şeir festivalının nəticələri bəlli olub. Aylardan bəri davam edən bu müsabiqəyə yüzlərlə şair öz əsərlərini təqdim edib. Münsiflər heyəti göndərilən yazıları öncədən elan edilmiş prinsiplər əsasında araşdıraraq, ilk beş yeri tutan müəlliflərin adlarını açıqlayıb. Bunlar aşağıdakılardır:
1. Səid Muğanlı;
2. Ziba Kərbasi;
3. Elvar Qulivənd;
4. Duman Ərdəm;
5. Türkan Urmulu.
“DƏRDİM MƏNƏ DƏRMAN İMİŞ…”
Hörmətli Fərhad Əsgərzadənin bələdçiliyi ilə üzvü olduğum və özümə yeni dostlar tapdığım “Bloqcataloq”da növbəti gəzişməmdə maraqlı bir bloqa rast gəldim. “Sufi Saja” adlı bu bloq insanın iç dünyasına, mənəvi-ruhani yüksəlişinə dair dəyərli materiallarla zəngindir və mən ona baş çəkməyi bu sətirləri oxuyan hər kəsə tövsiyə edirəm. Amma orada mənim diqqətimi xüsusi olaraq çəkən “Dərd” başlığı ilə verilmiş bir şeir oldu. Az qala unutmuş olduğum bir mətnlə - böyük türk sufi şairi Niyazi Misrinin (1618-1693) ölməz misraları ilə yenidən qarşılaşdım. Oxudum, bir də oxudum. Bir daha Əhməd Yəsəvidən, Şəms Təbrizidən, Mövlanadan, Nəsimidən, Yunus Əmrədən… gələn ruhu-düşüncəni türkcədə “əlçatmaz sadəlik”lə (səhlül-mümtəne) ifadə edən sətirlərin mənasına daldım. Və şeirin sözügedən bloqda verilmiş mətnindəki əyər-əskikləri islah edib Azərbaycan türkcəsinə uyğunlaşdırmaqla, dəyərli istifadəçilərimə təqdim etmək istəyindən vaz keçə bilmədim. Buyurun, siz də oxuyun:
“OK” SÖZÜ NECƏ YARANIB?
Təsdiq mənasında işlənən “OK” (o-key) sözü demək olar, beynəlxalq bir kəlməyə çevrilmişdir. Bu işdə, əlbəttə, kompüterin rolu böyük olmuşdur: hər gün bilgisayarda, Allah bilir, neçə dəfə “OK” düyməsini basmalı oluruq. Hələ onu canlı danışıqda, müxtəlif filmlərdə eşitdiyimiz halları demirəm. Və bu sözün çox maraqlı bir yaranma tarixçəsi var:
ABŞ-dakı anbarların birində savadsız bir anbardar varmış. Müdiriyyətin tapşırığına əsasən, o hər gün anbardakı malları yoxlamalı və onların sayı düz olduğu təqdirdə kisələrin üzərinə “All Correct” (“ol kərekt”, yəni “hamısı düzdür”) sözlərini yazmalı idi. Bəzi hərfləri tanıyan anbardar ingilis sözlərinin yazılış və tələffüzündəki fərqlərdən xəbərsiz şəkildə kisələrin üzərinə O.K. yazmağa başlayır.
11 YAŞINDA… 6 KİTAB MÜƏLLİFİ
Hindistanda yaşayan 11 yaşlı uşaq qeyri-adi istedadı ilə dünyaya səs salıb. Əsil dahi sayıla biləcək bu uşaq riyaziyyata dair 6 kitab yazıb. Bu üzdən ərazisinə və əhalisinin sayına görə Hindistanın dördüncü ştatı sayılan Andra Pradeşin bu balaca sakininin adı Ginnesin rekordlar kitabına düşüb.
Fenomenal yaddaşı olan həmin uşaq müxtəlif adları yadında saxlamaq qabiliyyəti ilə də insanları heyran qoyur.
YE, YAT, DANIŞ…
Rusiya alimləri insanla bağlı araşdırmalarının nəticəsi olaraq, maraqlı statistik rəqəmlər açıqlayıblar. Orta insan ömrünü 70 il götürən tədqiqatçılar müəyyən ediblər ki, insan bunun 13 ilini danışır, 6 ilini yeyir, 23 ilini isə yatır. Hər bir insan ömrü boyu orta hesabla yüz tonlarla qida qəbul edir. Çəkisi 75-80 kiloqram olan adam həyatı ərzində bundan 1250-1335 dəfə artıq yemək yeyir.
İNTERNETDƏ NEÇƏ SAYT VAR?
İnternetdəki vebsaytların sayı artıq 1 trilyonu keçib! Bu rəqəmi dünyanın ən böyük axtarış sistemi olan Google özünün məlumatlar bazasına əsasən açıqlayıb. 



