Ceyms Feliçinin “Tipoqrafika üzrə ətraflı dərslik” kitabı haqqında
Avqust 22, 2008 23:49Həsənəlizadə Ramin

Azərbaycanda nəşr olunan bir çox kitablara baxanda, onları əlimə alıb vərəqləyəndə çox heyfslənirəm və başa düşürəm ki, bu kitablar üstündə işləyənlər (nəşriyyatçı, tərtibatçı, dizayner, mətbəəçiləri nəzərdə tuturam, müəllifləri yox) Ceyms Feliçinin “Tipoqrafika üzrə ətraflı dərslik” kitabını nə oxuyublar, nə də ki, görüblər. Nəşriyyatımız bərbad haldadır.
Bu yazımda C. Feliçinin kitabı haqqında qısa məlumat vermək və öz fikirlərimi bildirmək istəyirəm.
Bu kitab dizayn, səhifələmə, kitab, dərgi tərtibatı ilə məşqul olanlar üçün həm dərslik, həm də ki, soraq kitabıdır. Bu kitabda Qutenberqdən (Gutenberg) başlayaraq müasir Open Type formatlı fontlara kimi şriftin inkişafı, tarixi təsvir olunur. Səhifələmənin qaydaları və üsulları əks olunub. Bu kitab, müxtəlif hallarda (kitab, qəzet, veb-səhifə, kağız, monitor) mətni elə səhifələməyi öyrədir ki, oxucu üçün onu oxumaq rahat olsun. Fikrimcə, “Tipoqrafika üzrə ətraflı dərslik” kitabı, mətnlə işləməyi, səhifələməni, poliqrafiya, mətbəə məhsullarını tərtib etməyi öyrənmək istəyənlər üçün əsl bilgi xəzinəsidir. Həm də, düşünürəm ki, peşəkarlar da onu soraq kitabı kimi istifadə edə bilərlər. Yəni bu kitab həm öyrənən, həm də ki peşəkar mətbəəçi, qrafik və veb dizaynerlər üçün faydalı və dəyərli bir vəsaitdir.
Kitab inglis dilində yazılıb, amma, rus dilinə də tərcümə olunub (James Felici “The Complete Manual of Typography” ing.; Джеймс Феличи “Типографика: шрифт, верстка, дизайн” rus.). Təəssüf ki, bu kitab Azərbaycan dilində hələ yoxdur. Ümid edək ki, gələcəkdə Ceyms Feliçinin “Tipoqrafika üzrə ətraflı dərslik” kitabı Azərbaycan dilinə də tərcümə və nəşr olunacaq.
51 dəfə oxunub
bölmə: Dizayn, Kitablar







