E.S. Tsıqankovun «Qəzasız sürücülüyün 120 üsulu» kitabı haqqında
Oktyabr 12, 2008 2:31Həsənəlizadə Ramin

Hörmətli oxucularım, bu gün sizə maraqlı bir kitab haqqında danışmaq istəyirəm. Onu çoxdan oxuyub kitab rəfinə qoymuşdum, yaxınlarda isə gözüm o kitaba sataşdı və onu bir daha da vərəqləyib oxuduqdan sonra istədim fikirlərimi sizinlə paylaşım.
Kitab sürücülük haqqındadır və «Qəzasız sürücülüyün 120 üsulu» («120 приёмов контраварийного вождения») adlanır, müəllifi isə, «Yüksək sürücülük sənətkarlığı mərkəzinin» rəhbəri, avtomobil idmanı üzrə Rusiyanın əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, texniki elmlər namizədi, professor Ernest Serqeyeviç Tsıqankovdur (Эрнест Сергеевич Цыганков). Bu adam sürücülər üçün qəzalara qarşı hazırlıq metodikasının müəllifidir. Həmən metodikaya əsasən minlərlə adi sürücü, idmançı və hətta xüsusi xidmət və hüquq mühafizə orqanlarının əməkdaşlarına təlim keçilib. Professor Tsıqankovun bir çox kitabları var və mən çalışacağam ki, gələcəkdə onun digər kitabları ilə də sizi tanış edim.
Yuxarıda adını çəkdiyim kitab, sürücülük vəsiqəsini alıb və xeyli maşın sürdükdən sonra əlimə keçmişdi. Açığı, onu oxuduqdan sonra bəzi şeyləri düzgün etməyimə çox məmnun olmuşdum, lakin bununla bərabər kəşf etmişdim ki, çox şeyi də düz eləmirdim ya da heç bilmirdim. Kitab terminlərlə dolu və bir az qəliz dillə yazılsa da, çox informativdir və burda asandan çətinə çox şey müfəssəl surətdə izah olunur. Sürücünün sükan arxasında oturuş qaydası, sürətli rejimdə hərəkət, döngələri keçmə, avtoşların sevimli tryukları — «polis dönüşü» və «drifting», müxtəlif vəziyyətlərdə qəzanın qarşısının alınması və bir çox başqa məlumatlar kitabda əks olunub. Təbii ki, təcrübə olmasa kitabı oxuyub «Şumaher» olmaq mümkün deyil. Amma, bu kitabda, təcrübədə tətbiq etmək üçün külli miqdarda nəzəri material verilir.
Kitab bütün sürücülər, avtoşlar, avtomobil idmanı ilə məşqul olanlar, DYP, xüsusi xidmət və digər hüquq mühafizə orqanlarının əməkdaşları üçün faydalı olar. Kitab ruscadır, deyəsən azərbaycancası yoxdur və mən həmişəki kimi ümid edirəm ki gələcəkdə olacaq...
631 dəfə oxunub
bölmə: Kitablar





