Azeriblog.com-da reklam haqqında
Avqust 10, 2008 23:33Həsənəlizadə Ramin
Bu yaxınlarda bir yazı yazmışdım — “Bloqu necə tanıtmalı”, bloqumun daimi oxucularının yəqin ki, yadındadır. Bu yazı bəzi bloqçular tərəfindən bəyənildi və müsbət qiymətlər aldı. Hətta, Azeriblog.com saytının rəhbəri və məşhur Azərbaycan bloqçusu Fərhad Əsgərzadə bu yazıya Azeriblog.com saytının əsas səhifəsində reklam yerləşdirdi. Çox sağ olsun!
İndi istəyirəm həmən reklamın nəticələri haqqında qısa hesabat verim. Reklam sırf “Bloqu necə tanıtmalı” yazısına verilmişdir və nəticədə bu yazı bloqumda ən çox oxunan yazı oldu və ona xeyli şərh yazıldı. Bu reklam Azeriblog.com saytının əsas səhifəsində carı ilin iyul ayının 21‑dən etibarən 27‑nə kimi nümayiş olundu, yəni bir həftə ərzində. Qeyd edim ki, mənim bloqum məşhur deyil və ziyarətçiləri çox azdır. Reklamdan qabaq isə ziyarətçilərin sayı lap az idi, belə deyək, gündə 5 – 10 nəfər (özüm də daxil olmaqla) ziyarətçi olar-olmazdı. Reklam verildikdən sonra isə, ziyarətçilərin sayı kəskin surətdə artdı. Reklamın nümayiş olunduğu günlərdə ziyarətçilərin sayı gündə 30 – 40 nəfər təşkil edirdi. Bu qısa reklam kampaniyası yalnız “Bloqu necə tanıtmalı” yazısını təqdim etsə də, ümumiyyətlə, bloqumun tanınmasına və ziyarətçilərinin artmasına xeyli yardım etdi. Buna görə də Fərhad Əsgərzadəyə bir daha öz minnətdarlığımı bildirirəm. Hazırda, artıq reklam yığışdırıldıqdan sonra, bloqumun gündəlik ziyarətçilərinin sayı 15 – 25 nəfərdir. Yəni reklamın müsbət təsiri göz qabağındadır. Bunu rahat görmək üçün bir balaca cədvəl hazırlamışam:
Müddət | Ziyarətçilərin sayı |
Reklamdan qabaq 14.07.2008 – 20.07.2008 | 95 nəfər |
Reklam nümayiş olunan müddət 21.07.2008 – 27.07.2008 | 207 nəfər |
Reklam yığışdırldıqdan sonra 28.07.2008 – 03.08.2008 | 120 nəfər |
Axırıncı 7 gün 04.08.2008 – 10.08.2008 | 152 nəfər |
Bu cədvəldəki və yazıdaki statistik məlumatlar Azerinter.net reytinq-sayqac sisteminin bloqum üzrə statistik hesabatlarının əsasında hazırlanıb.
Bu yazımla mən demək istəyirəm ki, fikrimcə, Azeriblog.com saytına reklam verərək müsbət nəticələr almaq mümkündür. Hər halda Azeriblog.com saytında reklam vermək istəyənlər mənim bu hesabatıma əsasən özləri üçün təəssürat yarada bilərlər.
114 dəfə oxunub
bölmə: İnternet







